Region Xəbərləri 

Bərdə rayonunda 27 Sentyabr Anım Gününün beşinci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.

27 sentyabr-Anım Gününün beşinci ildönümü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında və Bərdə “Terror qurbanları” abidəsinin qarşısında tədbir keçirilib.
Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə güllər düzülüb, xatirələri yad olunub, ruhlarına dualar oxunub.
Tədbir “Şəhidlər” xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə güllər düzülməklə davam edib.
Giriş sözü ilə tədbiri açıq elan edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qeyd edib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Sonra millət vəkili Fatma Yıldırım çıxış edərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Saat 12:00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha çox xəbərlər