Cəbhədən Xəbər 

Azad edilən ilk şəhər

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən beş il keçir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.  Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası  arzusu ilə yaşayıb,  bir gün də belə inamımızı itirmədik. Bu gün  torpaqlarımızın işğaldan azad edildiyi tarixlər  hər birimiz üçün  böyük qürurdur.

Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti  sayəsində cəmi 44 gündə qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı.  İlk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, Ordumuza əlavə güc verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir: “Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu”.

Bu məqamı da qürurla qeyd edirik ki,  Böyük Qayıdışımız  Cəbrayıldan başlayıb.  İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu,  şəhəri ilə bağlıdır. Məlumdur ki, 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad edildikdən sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın  başlanğıcı idi. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi.

Həm Böyük Qayıdışın Cəbrayıldan başlanması, həm də İkinci Qarabağ müharibəsində ilk qələbəyə bu torpaqda nail olunması, Cəbrayılın ilk azad olunan şəhər kimi tariximizə yazılması hər birimizdə qürur doğuran hadisələrdəndir. Bütün xalq tarixi Zəfərimizi  əldə etmək üçün birləşdi, Ordumuza dəstək oldu və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrini ləyaqətlə yerinə yetirdi. Bir sözlə, Vətən oğulları  qəhrəmanlıq, fədakarlıq göstərərək, şəhidlik zirvəsinə yüksələrək  tarixi ədaləti bərpa etdilər. Düşməni öz torpağımızdan qovduq,  lazımi dərsi verdik. İllərdir dünyaya “güclü, məğlubedilməz” ordu kimi təqdim edilən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında diz çökdü. Azərbaycan xalqı bu torpaqların sahibi olduğunu, bu torpaqlarda qalib xalq kimi yaşayacağını dünyaya bəyan etdi.

Bu gün digər torpaqlarımız kimi, Cəbrayıl da həyatının yeni mərhələsini yaşayır. Bu fakt da məlumdur ki, işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonun erməni vandalizminə məruz qalmış  maddi-mədəni abidələrinin siyahısına nəzər salmaq kifayətdir. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı  bütün bərpa-quruculuq işlərini özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. İnfrastruktur layihələrinin icrası, tarixi və dini abidələrimizin  bərpası prioritet məsələlər sırasındadır. Tarixi abidələrimiz kimliyimizin təqdimatıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  işğaldan azad edilmiş ərazilərə hər səfəri görülən işlərin təqdimatıdır. Bu səfərlər, həmçinin  yeni obyektlərin açılışı və təməlinin qoyulması ilə yadda qalır. Cəbrayıl rayonun timsalında bərpa-quruculuq işlərinin ümumi mənzərəsi aydın görünür.  Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,  Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə – 2856 nəfər köçürülüb. Təbii ki, bu rəqəm son deyil. Soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar.

Daha çox xəbərlər