8 Noyabr Zəfər Günü münasibətilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında silsilə tədbirlər keçirilib
Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, müavinlər, şöbə, bölmə müdirləri, şəhid ailələri, qazilər, veteranlar və tibb personalı iştirak edib.
Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı direktor və müavinlər çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın şanlı tarixində əbədi iz qoyan, əsrlərlə yaddaşlardan silinməyəcək bir hadisə olduğunu vurğulayıb. Torpaqlarımızın işğaldan azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən olduğunu, bu qələbənin qazanılmasında təkcə hərbi gücün deyil, xalq-ordu-dövlət birliyinin və milli iradənin vəhdətinin mühüm rol oynadığını qeyd ediblər. Daha sonra şəhid anaları çıxış edərək övladlarının keçdiyi döyüş yolundan və şücaətlərindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıblar. 44 günlük Vətən Müharibəsində iştirak etmiş və tibb müəssisəsində işləyən qazi və veteranlar çıxış edərək öz döyüş xatirələrini bölüşüb və onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. Tədbirin sonunda isə Zəfər Gününə həsr olunmuş video çarx nümayiş olunub.
Günün ikinci yarısında isə Pediatriya və Laboratoriya şöbəsində uşaqlara Zəfər Günü münasibətilə hədiyyələr verilib və onlara Zəfər Gününün mahiyyəti haqqında ətraflı məlumat verilib.







