Brüssel Bakı ilə İrəvanın arasına girir? – Yeni hiylə
Avropa İttifaqı sülh prosesində “mən də varam” deyir – reaksiya
“Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq”. Bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı bildirib.
Kos vurğulayıb ki, həm Bakıda Azərbaycan Prezidenti ilə, həm də İrəvanda Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda müsbət siqnallar alıb: “Bəli, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunacağına inanırıq. Düşünürəm ki, sülh mümkündür və hazırda baş verənlər artıq müsbət istiqamətdə irəliləyişdir”.
Aİ rəsmisi son aylarda erməni və azərbaycanlı ekspertlərin qarşılıqlı səfərlərini də mühüm addım kimi qiymətləndirib və bunun əvvəllər mümkünsüz göründüyünü xatırladıb. Marta Kos həmçinin sülh prosesində Türkiyənin rolunu xüsusi qeyd edib. Onun fikrincə, ABŞ-nin iştirakı bu prosesi daha geniş regional sülhə çevirə bilər”.
O əlavə edib ki, məqsəd Ermənistan və Azərbaycanın davamlı şəkildə sülh içində yaşamasıdır və Avropa İttifaqı bunun üçün bütün səylərini göstərir.
Lakin Brüsselin sülh üçün hansı səyləri var? Ümumiyyətlə, Bakı ilə İrəvan arasında yekun sənədin imzalanması üçün Aİ-nin aktor kimi iştirakına ehtiyac görünmür. Hazırda sülh mətni paraflanıb və Ermənistanın ərazi iddiaları ilə bağlı konstitusiyaya dəyişiklik etməsi qalır. Yəni Aİ bu prosesdə hər hansı rol oynaya bilməz.
Daha əvvəl Aİ Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə görüş keçirilib. Amma Paşinyanın Praqada imzaladığı sənəd istisna olmaqla, Aİ sülh prosesində ciddi bir irəliləyişə müvəffəq olmadı. İndiyə qədər əldə olunan nailiyyətlər sırf ikitərəfli danışıqların nəticəsidir.
O halda Aİ nümayəndəsi hansı səylərdən danışır? Bəlkə bununla Qərb öz rolunu şişirtmək və piar etmək istəyir?
“Son günlər Avropa İttifaqı rəsmilərinin Azərbaycan-Ermənistan münasibətlərinə dair bəyanatları, xüsusilə də komissar Marta Kosun çıxışı Brüsselin prosesdəki rolunu yenidən gündəmə gətirib. Lakin bu yanaşma heç də birmənalı qarşılanmalı deyil. Çünki Aİ rəsmisi sülhün əldə olunacağına inamını ifadə etsə də, reallıq ondan ibarətdir ki, bu gün iki ölkə arasında aparılan danışıqların əsas hərəkətverici qüvvəsi məhz Bakı və İrəvanın birbaşa siyasi iradəsidir”.

Bunu deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı rəsmilərinin son bəyanatları, xüsusilə də Marta Kosun açıqlaması bir daha göstərir ki, Brüssel hələ də regiondakı proseslərin real mahiyyətini anlamaqda çətinlik çəkir: “Mən bu fikirləri heç də təsadüfən demirəm. Məsələ burasındadır ki, Aİ bu gün sülhdən danışır, özünü “sülh mələyi” kimi təqdim edir, lakin 30 ilə yaxın müddətdə nə işğala qarşı konkret mövqe ortaya qoydu, nə də Ermənistanı təcavüzə görə cəzalandırmaq iradəsi göstərdi. Bəli, reallıq ondan ibarətdir ki, Aİ münaqişə dövründə tam passivlik nümayiş etdirdi. Azərbaycan torpaqlarının işğalı, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi Avropa İttifaqının siyasi dairələri üçün heç vaxt təcili məsələ olmadı. Qeyd etdiyim kimi, Aİ nə Ermənistana təzyiq etdi, nə də beynəlxalq hüququn bərpası üçün real addım atdı. Bu gün isə Brüssel sanki “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipi ilə hərəkət edərək sülh prosesinə sonradan qoşulsa da özünü baş rola çıxarmaq istəyir”.
Deputat deyib ki, Azərbaycan və Ermənistan sülh sazişini birbaşa danışıqlar yolu ilə imzalamağa yaxındır: “Prosesin bütün irəliləyişləri məhz tərəflərin öz siyasi iradəsi ilə reallaşıb. Aİ isə indi ortaya çıxıb “mən də varam” mesajı verməyə çalışır. Bu, sadəcə, necə deyərlər, yalançı qəhrəmanlıqdır. Gerçək qəhrəmanlıq o zaman olardı ki, Brüssel işğal dövründə Ermənistana təzyiq göstərər, işğalçı ilə işğala məruz qalanı eyni səviyyədə tutmazdı”.
V.İskəndərov bildirib ki, əslində Aİ-nin 30 il boyunca işğal reallığını görməməzliyə vurub, indi sülh prosesindən siyasi dividentlər qazanmaq istəyi anlaşılmazlıq yaratmır: “Bu, Qərbin bəzi dairələrinin regiona münasibətdə uzun illərdir davam edən qeyri-obyektiv siyasətinin növbəti təzahürüdür. Üstəlik, Aİ-nin bu mərhələdə sülh prosesinə mane olmayacağının da zəmanəti yoxdur. Çünki bu qurum uzun illər boyu işğalçı ilə işğala məruz qalanı eyni tutmaqla, əslində münaqişənin davamına şərait yaradan mövqe sərgiləyib. Azərbaycan üçün əsas olan real sülhün bərqərar olmasıdır – Aİ-nin siyasi piar cəhdləri yox. Yəni Brüsselin sonradan prosesə qoşularaq öz rolunu şişirtməsi isə sadəcə yeni bir geosiyasi hiylə təəssüratı yaradır”.

Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov qeyd etdi ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun Brüsseldə erməni jurnalistlərlə görüşündə verdiyi açıqlamalar hər nə qədər regionda dialoqu təşviq edən diplomatik mesaj kimi görünsə də, reallıq odur ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesində Aİ artıq hər hansı bir paya malik deyil: “Kos Bakıda Azərbaycan və İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşləri qeyd edərək sülh prossesində Aİ-nin regional aktor kimi iştirakını qabartmağa cəhd edir. Lakin fakt ondan ibarətdir ki, Aİ-nin yekun sülh sazişi üçün konkret təsir imkanları məhduddur. İkincisi, Kosun qeyd etdiyi ekspert mübadiləsi və qarşılıqlı səfərlər vasitəsilə etimadın bərpası istiqamətində atılan addımlar da Aİ-nin təşəbbüsü ilə baş verən prosses deyil. Və ümumiyyətlə, vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri sülh prosesinə dolayısı ilə dəstək versə də, yekun sazişin imzalanmasına birbaşa yol açmır. Kosun açıqlamasından o da məlum olur ki, Aİ regional və beynəlxalq aktorlarla koordinasiyanı gücləndirməyə çalışır. Türkiyə və ABŞ-nin rolunun xüsusilə qeyd edilməsi bunun əyani sübutudur.
Real vəziyyət göstərir ki, Aİ-nin təsir imkanları faktiki olaraq məhduddur. 8 avqust Vaşinqton görüşündə sülh sazişinin mətni artıq paraflanıb və yekun təsdiq üçün Ermənistanın konstitusiyasında dəyişiklik etməsi tələb olunur. Bu mərhələ isə Aİ-nin təsirindən kənardır. Ümumiyyətlə isə keçmişdə Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlər də sülhün əldə olunması üçün yekun nəticə yaratmayıb. Əldə olunan nailiyyətlər əsasən ikitərəfli danışıqlar və ABŞ vasitəçiliyi nəticəsində baş verib.
Odur ki, Kosun açıqlamasının motivləri bir neçə aspektdən izah oluna bilər. Diplomatik baxımdan, Aİ rolunu qorumaq və regiondakı aktorlarla dialoqu davam etdirmək istəyir. Eyni zamanda belə açıqlamalar tərəflərə və region ictimaiyyətinə mesaj verir ki, beynəlxalq dəstək mövcuddur və proses yalnız ikitərəfli deyil. Digər tərəfdən, bu, Qərbin geosiyasi rolunu şişirdən və mövqeyini gücləndirən kommunikasiya strategiyası kimi də qiymətləndirilə bilər.
Nəticədə Marta Kosun açıqlamaları Aİ-nin sülh prosesinə dəstəyi və mövqeyini nümayiş etdirmək baxımından müsbət olsa da, yekun nəticələr daha çox tərəflərin öz iradəsinə və ABŞ-nin Ermənstanın götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiqlərinə bağlıdır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

