Oyunu qolla açan, qolla qapadan “Qarabağ” – daha bir Avropa nəhəngi Bakıdan qanıqara getdi
“Qarabağ”ın bir az əvvəl başa çatan oyunu gerçəkdən möhtəşəm oldu. Komandamızı oyunun əvvəlində qol hesabını açdı, axırında qolla qapatdı.
Rəqibin oyunun ortasındakı qollarından biri elə-belə qol idi, hakimin almanlara hədiyyəsi idi.
Ondan əvvəl rəqiblər “Qarabağ”ın forvardına qarşı cərimə meydançasının içində daha böyük kobudluğa yol vermişdilər, ancaq hakim oyunu davam etdirmişdi.
Komandamızın rəqib oyunçusunun qarşısını kəsməsi isə penalti ilə qiymətləndirildi. Haqsızlıq göz önündə idi. Xüsusilə də 1 dəqiqə öncəki epizodla müqayisədə.
Biz belə ayrı-seçkiliklərə çoxdan öyrəşmişik. Az qala elə bir oyun yoxdur ki, hakimlər “Qarabağ”ın qapısına penalti təyin etməsinlər.
Dünya üzrə keçirilən matçların yüzdə 95-də bənzər epizodlara görə penalti təyin etmirlər, “oyun epizodudur”, “hər şey qaydalar çərçivəsindədir” deyilrlər. “Qarabağ”a gələndə isə penalti təyin olunur.
Hələ oyunçularımıza sarı və qırmızı kartların bəzən heç nə üstündə göstərilməsi epizodları da var. Ona görə də məşqçilər korpusu hər dəfə oyundan öncə oyunçulara xəbərdarlıq edir ki, ehtiyatlı olsunlar.
Sadəcə, “Qarabağ”ın vəzifəsi odur ki, hər dəfə rəqiblərindən bir qat güclü olsunlar, daha yaxşı oynasınlar. O zaman heç bir hakim tərəfgirliyinin nəticəsi olmur. Necə ki bir az əvvəl başa çatan oyunda xeyri olmadı. “Qarabağ” ədalətsiz penaltidən 1-2 dəqiqə sonra ədaləti və hesabda tarazlığı bərpa etdiyi kimi, oyunun son saniyələrində də matçın ədalətli nəticəsini bərqərar etdi – 3:2.
Heç kəs “Qarabağ”ın rəqibini – “Eyntraxt-Frankfurt”u xəfifə almasın. Bu, futbol ölkəsi olan, minlərlə komandanın müxtəlif liqalarda oynadığı Almaniyanın div klublarından biridir. Bu komanda, olur ki, “Bavariya”ya qalib gəlir, “Bayer”i məğlub edir, “Borussiya”nı meydana çıxdığına peşman edir. Yəni güclü komandadır.
Ancaq bu güclü alman komandası gəldi “Qarabağ”ın qarşısında 90 dəqiqə əsasən müdafiədə oynadı, axırda da uduzdu, getdi.
“Qarabağ” Azərbaycanın futbolsevərlərinə belə qürurlu anlar yaşatmaqda davam edir. Buradan çox komandalar öz ölkələrinə qanıqara qayıdıblar. Biri də “Ayntraxt” oldu.
Halal olsun “Qarabağ”ın oyunçularına və məşqçilər korpusuna.

