Yanvarın 22-də Bərdə rayonunda 2025-ci ildə rayon üzrə sosial-iqtisadi sahələrdə görülmüş işlərin yekunlarına və 2026-cı ildə qarşıda duran əsas vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Milli Məclisin deputatı Xanlar Fətiyev, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, eləcə də hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, yerli QHT nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, ağsaqqallar, şəhid ailələri və qazilər, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.
Sonra tədbir rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib. Tədbir iştirakçıları rayonda istehsal edilən yerli məhsulların nümayiş olunduğu sərgi ilə yaxından tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış ölkəmizin davamlı inkişafını təmin edən dövlət idarəetmə modeli Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. O, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, məşğulluq, sosial müdafiə, təhsil, səhiyyə, infrastruktur, abadlıq-quruculuq və kommunal xidmətlər sahələri üzrə 2025-ci ildə Bərdə rayonunda görülmüş işlər və əldə olunan nəticələr barədə məlumat vermişdir. Çıxışda vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və operativ həlli istiqamətində görülən tədbirlər, müraciətlərin say dinamikası və həll səviyyəsi xüsusi vurğulanmışdır. Eyni zamanda rayonun sosial-iqtisadi inkişaf perspektivləri və 2026-cı ildə qarşıda duran əsas vəzifələr diqqətə çatdırılmışdır.
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında rayon təşkilatının fəaliyyəti və ictimai-siyasi sabitliyin qorunması istiqamətində görülən işlərdən bəhs etmiş, Prezident İlham Əliyevin siyasi kursunun cəmiyyət tərəfindən dəstəkləndiyini qeyd etmişdir. O, gənclərin partiya sıralarına qəbulu prosesinin davamlı xarakter daşıdığını, həmçinin Vətən müharibəsindən sonra şəhid analarının da Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmələrinin partiyaya olan yüksək etimadın və ictimai dəstəyin göstəricisi olduğunu vurğulamışdır.
Hesabat ətrafında aparılan müzakirələr zamanı digər çıxışçılar – hüquq-mühafizə orqanlarının, kənd təsərrüfatı, səhiyyə, su təsərrüfatı qurumlarının rəhbərləri rayonda öz sahələri üzrə görülmüş işlər, mövcud problemlər və 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə fikirlərini bildirmişlər.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov iclası yekunlaşdıraraq bildirmişdir ki, 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf, quruculuq və bərpa sahələrində mühüm nailiyyətlər əldə edilmişdir. O, Qələbədən sonra icra olunan “Böyük Qayıdış” proqramı, sosial rifahın yüksəldilməsi və regionların tarazlı inkişafının dövlət siyasətinin əsas prioritetlərini təşkil etdiyini, bu uğurlar fonunda Bərdə rayonunda da sosial-iqtisadi göstəricilərin yüksəldiyini, əhalinin rifahı və məmnunluğunun artdığını qeyd etmişdir. Çıxışında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını xatırladan sektor müdiri qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə icra olunacağını bildirmişdir.
Hesabat yığıncağının yekunlarına dair qərar layihəsi Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sadiq Xəlilov tərəfindən oxunaraq tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.


