İSLAM Ramazan 

Orucluqda yeməklə yanaşı buna da diqqət edin – FOTOLAR

Ramazan ayında dəyişən qidalanma və ibadət saatları yuxu rejiminə də təsir göstərir. Xüsusilə imsak vaxtında oyanmaq bir çox insan üçün çətinlik yaradır.

Nizamsız yuxu həm gün ərzində halsızlığa, həm də diqqət dağınıqlığına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, Ramazanda əsas məqsəd yuxunun keyfiyyətini qorumaqdır. Bunun üçün gec saatlara qədər oyaq qalmaq tövsiyə edilmir. İftar və axşam ibadətlərindən sonra mümkün qədər tez yatmaq, azı 6-7 saatlıq ümumi yuxu periodunu təmin etmək vacibdir.

Həkimlər bildirirlər ki, imsak üçün oyanmaqda çətinlik çəkənlər iki mərhələli yuxu rejimi tətbiq edə bilərlər. Bu rejimə əsasən, axşam daha erkən yatmaq, imsakdan sonra isə imkan daxilində 60–90 dəqiqəlik əlavə yuxu almaq orqanizmin bərpasına kömək edir.

Elektron cihazlardan istifadə də yuxu keyfiyyətinə təsir göstərən əsas amillərdəndir. Mütəxəssislər yatmazdan ən azı 30–60 dəqiqə əvvəl telefon və planşetdən uzaq durmağı, otağı havalandırmağı və işıqları azaltmağı məsləhət görürlər. Bu, melatonin hormonunun ifrazını tənzimləyərək daha rahat yuxuya getməyə kömək edir.

Eyni zamanda, iftarda həddindən artıq ağır və yağlı qidaların qəbulu gecə yuxusunu poza bilər. Həkimlər axşam saatlarında kofeinli içkilərdən – qəhvə və güclü təsiredici tərkibli çaylardan uzaq durmağı da tövsiyə edirlər.

İmsak üçün bir neçə zəngli saat qurmaq, telefonu yataqdan bir qədər uzaq yerə qoymaq və hər gün eyni saatda yatıb-durmaq bioloji saatın uyğunlaşmasına kömək edir.

Davamlı yuxusuzluq, güclü baş ağrıları və ya ürək ritmində pozuntular müşahidə olunduqda mütləq tibbi məsləhət alınmalıdır.//Qafqazinfo


Daha çox xəbərlər