Cəmiyyət 

Alim yatanda…

Orda – AMEA-da alimlər yatır…

Köşəmi mərhum şairimiz Məmməd İsmayılın mənim üçün dəyərli olan şeirindən poetik bir misranın ovqatı ilə başlamağım səbəbsiz deyil. O şeirdə bir haray var – zamanın içindən gələn, insanın ruhuna toxunan bir haray:

Orda – Savalanda bir igid yatır,
Hələ ki, uyuyur qılıncı qında.
Hələ ki, yanında gözləyir atı,
Hələ ki, arzusu yol ayrıcında.
Qınından sıyrılar o qılınc haçan?!
Bir ildə, beş ildə, on ildə bilmir…

Mən bu şeiri Məmməd İsmayılın düz yamacında, şəxsən öz dilindən eşidəndə “Şah İsmayıl Xətainin öydüyümüz 13-14 yaşı”mda idim. Ölkə çalxalanırdı. Sovet imperiyası dağılırdı. Respublikalarda müstəqillik harayı yüksəlirdi. Xalqın ümidlə qorxu arasında qaldığı, amma yenə də sabahın ümidinə sarıldığı illər idi.

Şeirin məramı başqa olsa da, mən o yaşımın saf düşüncəsi ilə ümidimi həmin “yatan igid”ə bağlamışdım. İçimdə onu danlayır, az qalırdım gedib oyadım ki – “Qalx! Bu xalqın ümidi sənədir! Sən oyanmasan, hər şey əldən gedəcək!”

Çox şükür ki, o igidə olan inam xalqın birləşməsi, bütövləşməsi sayəsində puça çıxmadı, Azərbaycan müstəqilliyini əldə etdi.

Amma indi məsələ başqadır…

Bu gün mən o yatmış igiddən yox, heç “yatmış gözəl”dən də yox, yatmış alimlərdən narahatam.

Bəli, insan yorular, mürgüləyər. İş masasında bəzən gözünü də qapayar. Amma onlar arxayındır ki, sistem işləyir, başqa həmkarlar var, iş dayanmaz. Amma siz, – alimlər, siz sistemin özüsünüz. Siz yatanda mexanizm dayanır.

Siz yatanda dərsliklərdə səhvlər qalır.
Siz yatanda reklam lövhələrində dilimiz eybəcərləşir.
Siz yatanda efirlər savadsızlığın sərgisinə çevrilir.
Siz yatanda cəmiyyət istiqamətini itirir.

Bəlkə elə buna görə bu gün ekranlarda elmin “e” hərfini bilməyənlər “ekspert”, “korifey”, “canlı əfsanə” kimi təqdim olunur. Boşluq yaranır, kimsə də gəlib o boşluğu “doldurur”. O boşluq isə alimin susduğu yerdə yaranır.

Hara baxırsan – səthilik.
Hara baxırsan – naşılıq.
Hara baxırsan – məsuliyyətsizlik…

Və cəmiyyət haqlı olaraq soruşur: alimlər hara baxır?

Sosial şəbəkələrə baxıram içim yanır, bağrım çatlayır, ciyərim bişir, ürəyimə qədər yanıram əsəbdən. Alimi ələ salmazlar ki, alimi öpüb başa qoyarlar, alimlə öyünərlər, alimlə qürur duyarlar. Yoxsa, məsxərəyə qoymazlar, həmən video kolajlar düzəldib, hələ bir “laylay dedim, yatasan, …” mahnısını fon musiqisi edib paylaşmaq…

Bunlar əslində elmə yox, laqeydliyə qarşı satiradır. Çünki xalq alimi məsxərəyə qoymaq istəmir – xalq alimlə fəxr etmək istəyir. Sadəcə fəxr edəcək obraz görməyəndə ironiya yaranır.

Bu, acı həqiqətdir.

Bu xalqın sizə ümidi böyükdür. Bəlkə də o vaxt “yatan igid”ə olan ümiddən də böyük. Yenə də həmin şeirdən bir bəndi xatırladım:

Bu yatmaq nə vaxtın yatmağıdır ki,
Zamanın günorta çağı gəlibdir.
Oyan, elin-günün göz dağıdır ki,
Öz yuxun özünə yağı gəlibdir?!

Çox hörmətli və əziz alimlər, AMEA binası sadəcə memarlıq abidəsi deyil – ölkənin beyin rəmzidir. Orada həyat olmalıdır. Orada fikir qaynamalıdır. Orada enerji hiss olunmalıdır – sizsiz yol olmaz, sizsiz istiqamət olmaz, sizsiz gələcək olmaz.

Elm müqəddəs xidmətdir. Bu yolda ömür verənlərin o dünyadakı məqamı yüksəkdir – Şəhidlik məqamıdır! Ona görə, sizə hörmətimiz də, sizdən gözləntimiz də böyükdür.

Alimi yüksək məqama layiq görən, bağışlayan Allah kimi siz də bağışlayın – bu sözləri deyənləri də… şişirdənləri də… elə bu köşəni yazdığım üçün məni də.

Və sonda…

Bəlkə də bu yazının bütün mahiyyətini bir cümlə ilə də ifadə etmək olardı:

Alim olmasa, cəmiyyət geridə qalar.

Adəm Abbaslı

 

Daha çox xəbərlər