SOS: Bu çiyələkləri almayın!
“Azərbaycanda təbii çiyələyin mövsümü may-iyun aylarına təsadüf edir. Təbii çiyələk fərqli ölçülərdə olur, qoxusu və dadı da spesifik olur. Günəşin düşmə istiqamətindən asılı olaraq, bəziləri çox qırmızı, bəzilərinin isə bir tərəfi qırmızı ola bilər”.

Bu fikri Musavat.com-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
Ekspert diqqətə çatdırıb ki, mövsümdən əvvəl satılan çiyələklərin əksəriyyəti istixanalarda müxtəlif kimyəvi maddələrlə, süni istiliklə yetişdirilib: “Təbii ki, pestisidlər normalara uyğun verilməlidir. Bəzən bunu yüksək dozada yaxud düzgün istifadə etmədikdə həmin kimyəvi maddələr insan orqanizmində hormon balansının pozulmasına, daxili orqanların, xüsusilə qaraciyər və böyrəyin funksiyasının pozulmasına səbəb olur.
Uzunmüddətli istifadə isə sinir sisteminin pozulması ilə yanaşı, kanserogen riskini də artırır. Buna görə də mövsümündə yetişməyən çiyələklər alınmasın. Xüsusilə 3 yaşdan aşağı uşaqlara, xroniki xəstəliyi olanlara, hamilə və süd verən qadınlara birmənalı olaraq, mövsümündə yetişməyən çiyələk yemək tövsiyə edilmir”.
Ekspertə görə, çiyələyi axar suda saxlamaq pestisidlərin miqdarını azaltsa da, tərkibindəki zərərli maddələri tamamilə yox etmir.
“Çiyələkdə süni parlaqlıq varsa, ölçüsü həddən artıq böyükdürsə, çiyələyə xas qoxusu yoxdursa, üstü qırmızı, içi ağ rəngdədirsə, ətri yoxdursa, deməli, süni şəkildə yetişdirilib. Sosial mediada reytinq xətrinə mənşəyi bəlli olmayan məlumatlar paylaşılır. Dövlət nəzarətində olan istixanalarda kimyəvi maddələrin dozası müəyyən edilib. Mənşəyi bəlli olmayan yerdən alınan məhsullar isə hər zaman riskli məhsullar hesab olunur”, – deyə mütəxəssis əlavə edib.

