Çərşənbə axşamı, 30 İyn, 2026

3 min azərbaycanlıya, 250 min isə… – İnsan orqanlarının qiyməti

Keniyanın Eldoret şəhərində yerləşən özəl xəstəxanada aparılan araşdırmalar dünyanın ən gəlirli transmilli cinayət bizneslərindən birinin yeni marşrutunu üzə çıxardı. İstintaq materiallarında donorlar arasında əsasən Azərbaycan, Qazaxıstan və Pakistan vətəndaşlarının, resipiyentlər arasında isə müxtəlif ölkələrdən, əsasən İsraildən gələn şəxslərin çoxluqda olması diqqət çəkdi.

Məlum oldu ki, Almaniyada, Bavariyanın Vaysenburq şəhərində 24 yaşlı Azərbaycan vətəndaşının beynəlxalq orqan mafiyasının qurbanına çevrilməsi ilə bağlı məhkəmə araşdırmaları keçirilir. İlk məhkəmə iclası 2026-cı il iyunun 23-də baş tutub.

Orqan alveri edən qadın Qazaxıstana ekstradisiya edildi...

Məsələnin üstü Almaniyanın aparıcı media qurumları – “ZDF”, “Der Şpigel” və “Deutsche Welle” tərəfindən aparılan geniş jurnalist araşdırmasından sonra açılıb. Araşdırmaçı jurnalistlər insan orqanlarının qanunsuz alveri ilə məşğul olan böyük bir şəbəkəni ortaya çıxarıb. Məlum olub ki, 50 Azərbaycan vətəndaşı gizli şəkildə Şərqi Afrikaya aparılıb, Keniyada yerləşən özəl klinikada müxtəlif orqanları çıxarılaraq əsasən İsrail vətəndaşlarına köçürülüb. Söhbət 25 İsrail vətəndaşına Azərbaycan vətəndaşlarından qanunsuz olaraq çıxarılmış orqanların köçürülməsindən gedir. Hazırda qanunsuz orqan transplantasiyasına görə Almaniyada keçirilən məhkəmə prosesində hakim qarşısına Sabine Fişer-Kuqler çıxarılıb. O, orqan alverinə təhrik ittihamı ilə mühakimə olunur. Adı açıqlanmayan 24 yaşlı Azərbaycan vətəndaşının böyrəyi Keniyada fəaliyyət göstərən özəl klinikada 59 yaşlı Almaniya sakininə köçürülüb. İndi həmin qadını 5 ilə qədər həbs cəzası gözləyir.

Qanunsuz orqan transplantasiyasında İsrail vətəndaşlarının ön plana çıxması da təsadüfi deyil. Məsələnin kökü 1990-cı illərə və 2000-ci illərin əvvəllərinə gedib çıxır. Həmin dövrdə İsraildə daxili orqan donorluğu faizi – xüsusilə beyin ölümü reallaşan şəxslərdən orqan götürülməsi dini və mədəni səbəblərdən çox aşağı idi. Nəticədə daxili bazarda böyük böyrək çatışmazlığı və uzun gözləmə siyahıları yarandı. Bu boşluq bəzi işbazları hərəkətə gətirdi. Həmin dövrdə tibbi sığorta şirkətləri xaricdə edilən əməliyyatların xərclərini qismən kompensasiya edirdi ki, bu da bəzi İsrail vətəndaşlarının vasitəçi və ya təşkilatçı kimi adlarının qlobal şəbəkələrdə, məsələn, Kosovo, Filippin, Hindistan, Ukrayna və Kolumbiya xətlərində hallanmasına yol açdı.
Bu vəziyyət 2008-ci ildə hüquqi müstəvidə köklü şəkildə dəyişdi. İsrail parlamenti (Knesset) tərəfindən Organ Transplantation Law (2008) qanunu qəbul edildi. Orqan alqı-satqısı və bu məqsədlə pul təklif edilməsi tamamilə cinayət elan edildi. Qanunsuz transplantasiya vasitəçiliyi qadağan olundu və ağır cəzalar tətbiq edildi. Xaricdə keçirilən qanunsuz əməliyyatların tibbi sığorta tərəfindən maliyyələşdirilməsinə tamamilə son qoyuldu. Beynəlxalq akademik araşdırmalar təsdiq edir ki, bu qanundan sonra İsraildən gedən qeyri-qanuni “transplantasiya turizmi” 70-80 faiz azaldı. Lakin keçmişdə formalaşmış cinayətkar əlaqələr və bəzi fərdi vasitəçilər hələ də qlobal şəbəkələrin tərkib hissəsi kimi fəaliyyət göstərməkdə davam edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, dünyada hər il qeyri-qanuni yollarla təxminən 10 – 15 min arası böyrək transplantasiyası həyata keçirilir. Bu, hər saatda minimum bir orqanın qanunsuz satılması deməkdir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) hesabatlarında bu biznesin illik dövriyyəsinin 600 milyon dollardan 1 milyard 200 milyon dollara qədər olduğu qeyd edilir.

“Qara transplantasiya” bazarında qiymətlər dəhşətli dərəcədə qeyri-bərabərdir və vasitəçilərin qazancı üzərində qurulub. Beynəlxalq araşdırma mərkəzlərinin məlumatlarına əsasən, qeyri-qanuni bazarda orqanların təxmini satış və alış qiymətləri aşağıdakı kimidir.

Qanunsuz transplantasiya bazarında fırlanan vəsaitlər orqanı satan şəxs – donorla onu pulla alan şəxs – resipiyent arasında dəhşətli dərəcədə qeyri-bərabər bölünür. Beynəlxalq araşdırma mərkəzlərinin məlumatlarına əsasən, bu cinayətkar iqtisadiyyatın görünməyən tərəfi belədir: Ən çox ticarəti aparılan orqan olan böyrək üçün varlı resipiyentlər transmilli şəbəkələrə 150 min dollardan 250 min dollara qədər məbləğ ödəyirlər. Lakin bu məbləğin müqabilində öz sağlamlığını riskə atan və böyrəyini satan kasıb donora cəmi 3 min dollardan 10 min dollara qədər pul çatır. Eyni ədalətsiz mənzərə daxili orqanların digər növlərində də müşahidə olunur. Məsələn, qaraciyərin bir hissəsinin köçürülməsi üçün alıcı tərəf 200 min dollardan 300 min dollara qədər vəsaitindən keçməli olur. Bu əməliyyatda donor qismində çıxış edən şəxsə isə cəmi 5 min dollardan 15 min dollara qədər ödəniş edilir.

Ən baha əməliyyatlar sırasına daxil olan ürək və ağciyər transplantasiyasında isə resipiyentlərin ödədiyi məbləğ 300 min dollardan başlayaraq 500 min dollara qədər yüksəlir. Bu növ orqanlar canlı insandan götürülə bilmədiyi üçün donor hissəsində hər hansı bir ödənişdən söhbət getmir. Burada əldə olunan yarım milyon dollarlıq gəlir bütövlükdə qeyri-qanuni morq şəbəkələrinə, rüşvətxor tibb işçilərinə və cinayətkar qruplaşmalara qalır.

Qurbanların aldığı cüzi məbləğlərlə müqayisədə, qlobal cinayətkar şəbəkələr və vasitəçilər hər əməliyyatdan 90-95 faiz xalis mənfəət götürərək milyardlarla dollar qazanırlar. Göründüyü kimi, varlı resipiyentin ödədiyi məbləğin 90-95 faizi birbaşa transmilli cinayətkar şəbəkələrə, rüşvətxor həkimlərə və saxta sənəd düzəldən vasitəçilərə gedir. Donor isə öz sağlamlığını itirmək müqabilində cəzi bir vəsait əldə edir.
Müasir qara transplantasiya artıq bir ölkənin daxilində baş vermir. Qara transplantasiya şəbəkələri hüquq-mühafizə orqanlarının nəzarətindən yayınmaq üçün “Dörd bucaqlı sxem” tətbiq edirlər.

Bu sxemə görə ilk olaraq donor ölkəsi seçilir. İqtisadi çətinlik çəkən, əhalinin yoxsul təbəqəsinin çox olduğu ölkələr müəyyən olunur. Bundan sonra resipiyent ölkəsi də müəyyən olunur. Qara transplantasiya əməliyyatı üçün böyük məbləğlər ödəməyə hazır olan varlı xəstələrin gəldiyi ölkələr, məsələn, Böyük Britaniya, Yaponiya, Almaniya, İsrail, Körfəz ölkələrindən repasiyentlərlə əlaqə qurulur.
Növbəti mərhələ qara transplantasiyanın baş tutuacağı ölkənin müəyyən olunmasıdır. Burada tibbi infrastrukturu yaxşı olan, lakin qanunvericilikdə boşluqlar və ya korrupsiya elementləri mövcud olan ölkələr, məsələn Keniya, Misir, Türkiyənin bəzi özəl klinikaları, Filippin seçilir.

Orqan Transplantasiyası : İnkişafı, Növləri - 2026

Bütün bu seçimləri edənlər isə beynəlxalq cinayətkarlar -vasitəçilərdir. Onlar dünyanın müxtəlif nöqtələrindən sosial şəbəkələr vasitəsilə donor ovuna çıxır və prosesi gerçəkləşdirirlər.
Keniyada araşdırılan son iş də məhz belə qlobal sxemi ortaya çıxarıb. Bu qlobal sxemdə ən narahatedici məqam donor ölkələrinin siyahısında Azərbaycanın adının görünməsidir. Beynəlxalq cinayətkar qruplar Azərbaycan vətəndaşlarını cəlb etmək üçün əsasən rəqəmsal platformalardan istifadə edirlər. Qurbanlarla sosial şəbəkələr – Facebook, Telegram və digər platformalar üzərindən əlaqə qurulur. Əsasən onlarla “Böyrəyimi satıram”, “Donor axtarılır” kimi qeyri-rəsmi qruplar vasitəsilə birbaşa təmas qurulur. Vətəndaşlara xaricdə yüksək maaşlı iş, tikinti və ya xidmət sektorunda vakansiyalar vəd edilir. Ölkəyə çatdıqda isə pasportları əllərindən alınaraq borc qarşılığında orqan donorluğuna məcbur edilirlər.
Donorlara əməliyyatdan sonra tam sağlam yaşayacaqları və dərhal vəd olunan on minlərlə dolları alacaqları deyilir. Reallıqda isə təmiz qazancın 90-95 faizini vasitəçilər götürür, donor isə həm pulsuz, həm də yarımcan vəziyyətdə taleyin ümidinə buraxılır.

Keniyada başlayan istintaq qlobal cinayət iqtisadiyyatının fəaliyyət mexanizmini növbəti dəfə üzə çıxarıb. Azərbaycan artıq qanunsuz orqan alverinin uzaq müşahidəçisi deyil. Bu gün 50 Azərbaycan vətəndaşının qara transplantasiya şəbəkəsinin qurbanına çevrilməsi haqda məlumatlar var. Vətəndaşlarımızın donor qismində beynəlxalq hesabatlara düşməsi qara transplantasiya təhlükəsinin qapımızda olduğunu göstərir. Azərbaycan üçün təhlükənin artıq nəzəri deyil, real xarakter daşıdığını rəsmi statistika da təsdiqləyir. Bu ilin mayında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Parlamentə təqdim etdiyi 2025-ci il hesabatına əsasən, ötən 1 il ərzində insan alveri və əlaqəli cinayətlərlə bağlı 198 fakt aşkarlanıb, cinayətlərin 57-si informasiya texnologiyalarından istifadə edilməklə törədilib, iki mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Bu rəqəmlər göstərir ki, transmilli cinayət şəbəkələri artıq rəqəmsal platformalar vasitəsilə fəaliyyətlərini genişləndirirlər. Keniyada üzə çıxarılan qanunsuz orqan transplantasiyası şəbəkəsində Azərbaycan vətəndaşlarının adının hallanması isə bu təhlükənin yeni və daha ağır formasını ortaya qoyur. Bu səbəbdən vətəndaşların maarifləndirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, internet üzərindən aparılan qanunsuz donor axtarışlarının operativ aşkarlanması və beynəlxalq hüquq-mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsi milli təhlükəsizlik prioritetlərindən biri kimi qiymətləndirilməlidir.