“İbtidai təhsili gücləndirməliyik”
“İbtidai sinif bünövrədir. Siz o bünövrəni tikmədən üstünə nə qədər bahalı daş qoysanız da bina aşacaq, uşaq da dözməyəcək”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, bəzi 4-cü siniflərdə uşaqların 50, 60, 70 faizi minimal standarta cavab vermir:
“Əksər siniflər belə deyil, amma belə siniflərin sayı beş deyil, yüzlərlədir. Bizə ibtidai təhsilin güclənməsi lazımdır. Bu, birinci prioritetimizdir. İkinci prioritetimiz ondan ibarətdir ki, hər bir uşağın arxasınca düşüb onu izləmək lazımdır. İlk növbədə də zəif nəticə göstərən uşaqların arxasına düşmək lazımdır, yoxsa bir yerdən sonra onları geri qaytarmaq olmur. 8-ci, 9-cu sinifdə ayılanda ki, uşaq heç olmasa ibtidai sinfin məsələsini həll eləyə bilmir, ona nə siz, nə mən, nə heç kim, heç nə eləməyəcək”.