Cümə axşamı, 02 İyl, 2026

Yeni qayda: Gürcüstandan diri heyvan ixracı…

Azərbaycanın tətbiq etdiyi yeni məhdudiyyətlər Gürcüstandan diri heyvan ixracına ciddi təsir göstərəcək.

Musavat.com xəbər verir ki, Azərbaycan Gürcüstandan diri heyvan idxalına yeni məhdudiyyətlər tətbiq edib.

Gürcüstanın “Va-toşi” şirkətinin direktoru Vaxtanq Xositiaşvilinin sözlərinə görə, əvvəllər bir yük avtomobili ilə 450 baş qoyun daşınmasına icazə verilirdisə, indi bu rəqəm 150 başa endirilib.

Onun sözlərinə görə, iribuynuzlu mal-qara üçün də limit azaldılıb. Belə ki, əvvəllər bir avtomobildə 100 baş iri buynuzlu heyvan daşınırdısa, indi maksimum 60 baş aparmaq mümkündür.

Şirkət rəhbəri bildirib ki, bu dəyişikliklər daşınma xərclərini artıracaq və nəticədə Gürcüstandan diri heyvan ixracının həcmini azaldacaq.

Onun proqnozuna görə, mövsümi ixracın həcmi 150 min başdan 130 min başa qədər enə bilər.