Bakıda qurbağalar niyə qəfil artdı?
Son günlər Bakı və Sumqayıtın bəzi ərazilərində qurbağaların kütləvi şəkildə artması sakinlərin narahatlığına səbəb olub. Xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbələri, eləcə də Abşeron rayonu Novxanı, Saray və Sumqayıt şəhəri Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr çoxsaylı qurbağalar ilə dolub. Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər artıb ki, onlar hətta avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətinə də maneə yaradırlar. Bəzi ərazilərdə sürücülər yolda ehtiyatla hərəkət etməyə məcbur olduqlarını bildirirlər.
Bu barədə ekoloq Arzu Mustafayev Demokrat.az-a deyib ki, son günlər Bakı və ətraf ərazilərdə, xüsusilə bağ evləri və kəndlərdə qurbağaların sayının artması təsadüfi deyil və bir neçə ekoloji amillə bağlıdır:
“Azərbaycanda, xüsusilə Abşeronda geniş yayılan növlərdən biri Bufotes variabilis – yaşıl quru qurbağasıdır. Bu amfibi həm quru, həm də su mühitində yaşaya bilir və uzun illərdir bölgə faunasının bir hissəsidir. Buna görə qurbağaların Bakı ərazisində görünməsi yeni hal olmasa da, son dövrdə saylarının artması diqqət çəkir. Bunun əsas səbəblərindən biri son aylarda yağıntıların artmasıdır. Yağışlar nəticəsində yaranan müvəqqəti gölməçələr və su yığılan sahələr qurbağaların çoxalması üçün əlverişli şərait yaradır. Çünki onların yumurtlama və sürfə mərhələsi mütləq su ilə bağlıdır”.
O əlavə edib ki, rütubətin artması həşəratların, xüsusilə ağcaqanadların çoxalmasına da səbəb olur:
“Qurbağalar bu canlılarla qidalandığı üçün qida bolluğu populyasiyanın artmasını sürətləndirir. Qurbağalar insanlar üçün təhlükəli deyil və ekosistemdə faydalı rol oynayır. Onlar ağcaqanad və digər zərərvericilərin sayını təbii şəkildə azaldaraq bağ və bostan sahələrinə fayda verir. Qurbağalar ilanlar üçün də qida mənbəyidir. Buna görə onların çoxalması bəzi hallarda ilanların, o cümlədən su ilanları və gürzələrin həmin ərazilərə yaxınlaşmasına təsir göstərə bilər.Qurbağaların həyətlərdə çoxalmasının qarşısını almaq üçün rütubətli sahələri, su durğunluğunu və daldalanacaq yerləri aradan qaldırmaq tövsiyə olunur”.