Region Xəbərləri 

Qusarda mövsümün sonuncu bal süzümü…

ARANTV.AZ  xəbər verir ki, Qusar arıçıları mövsümün sonuncu bal süzümünə başlayıblar. Qafqazın ətəklərində tetişən gül-çiçəkdən, müxtəlif ağaclardan toplanan Qusar balının ləzzəti bir başqa olur.

Qusarda cökə, qaratikan və çəmən otlarının çiçəklərindən toplanan və min bir dərdin dərmanı olan dağ balının süzümünə başlanılıb. 40 ilə yaxındır arıçılıqla məşğul olan Həsənqala kənd sakini  Vəlibəy Quyubəyovda təsərrüfatında bu ilin sonuncu bal süzümünü həyata keçirir. 50-dən çox arı ailəsi olan arıçı prosesi müasir avadanlıqlarla  apardığından itki minimuma endirilib. Bir arı ailəsinin saxlanılması üçün orta hesabla 35-40 manat xərcləndiyini deyən fermer deyir ki, bu  vəsait, əsasən arı ailələrinin müxtəlif yerlərə köçürülməsinə və onların xəstəliklərdən qorunmasına sərf olunur.  Təcrübəli arıçı keyfiyyətli bal əldə etməyin sirlərini də yaxşı bilir.

Arılardan daha çox və keyfiyyətli balın əldə olunması onların saxlanıldığı ərazinin bitki örtüyünün müxtəlifliyindən də aslıdır. Qəhrəmanımız deyir ki, hər il olduğu kimi bu il də daha çox məhsul əldə etmək üçün təsərrüfatındakı arı ailələrini ağacları ilə bol olan meşəlik ərazidə bəsləyib.

Təsərrüfatçıların sözlərinə görə arıların fiziki xüsusiyyətlərindəki mxtəliflik də min bir dərdin dərmanı olan balın keyfiyyətinə əsirsiz ötüşmür.  Belə ki, məhsuldarlığı ilə seçilən arıların digərlərinə nisbətən xortumu uzundur. Xortumu uzun arının bitkilərdən şirə çəkməsi də asanlaşır. Cırlaşan arıların məhsuldarlığı isə aşağı olur. Arıdan balla yanaşı, daha 7-8 növ məhsul əldə etməyi bacaran qusarlı deyirlər ki, hər bir canlı kimi gərək arıların da dilini biləsən, onlara nəvazişlə yanaşasan.

Arıçılar təsərrüfatda əsasən “Qabağ təpə” və  “Ala Qafqaz” cinsinə aid arı ailələrinə üstünlük verirlər. Bu arı cinsləri yerli iqlim şəraitinə daha tez uyğunlaşmaqla bərabər, həm də məhsuldardılıqları ilə seçilirlər. Təbii ki, bol məhsul da yaxşı qazanc deməkdir. Son illər paytaxt Bakıda bal yarmarkasının təşkil olunması, bu ildən hər arı pətəyinə görə 10 manat subsidiyanın verilməsi isə arıçıları işə daha da həvəsləndirir.

Qusar arıçıları da artıq gələn ilin məhsulu üçün hazırlığa başlayıblar. Bal süzüldükdən sonra gənəyə qarşı dərmanlama aparılır və bu dövrdə onların qış yeminə də xüsusi diqqət yetirilir. Hər bir pətəyə isə qış yemi üçün arının sayından asılı olaraq 10-15 kiloqram bal qoyulur.

Daha çox xəbərlər