Rezidenturaya əlavə ixtisas seçimi elan edilib
ARANTV.AZ xəbər verir ki, bu gündən rezidenturaya əlavə ixtisas seçimi elan edilib. Namizədlər sentyabrın 3-dək elektron qaydada ixtisas seçə bilərlər.
Nazirlər Kabineti rezidenturaya 39 təhsili dövlət sifarişli və 100 təhsili ödənişli əsaslarla olan plan yerlərinin əlavə edilməsi haqqında qərar qəbul edib. Bununla əlaqədar müsabiqə şərtlərini ödəyən namizədlər avqustun 29-dan sentyabrın 3-dək aparılacaq əlavə ixtisas seçimində iştirak edə bilərlər. İyulun 10–dan 16-dək aparılmış ixtisas seçimində iştirak edən namizədlərin ərizələri hüquqi qüvvəsini saxlayır və həmin namizədlərdən ərizələrini yenidən təsdiqləmək tələb olunmur. Lakin plan yerlərinin sayının artırıldığını nəzərə alaraq, ərizəsində dəyişiklik etmək istəyənlər əlavə ixtisas seçimində iştirak edə bilərlər. İxtisas seçiminə rezidenturaya qəbul imtahanında nəticələri müsabiqə şərtlərini ödəyən namizədlər buraxılır. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb edilən sənədlərin əslini 10 günədək qəbul olunduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına təqdim etməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi dəyərləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

