Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Lahıc qəsəbəsinə səfərini yerli sakinlər “ən səmimi səfər” kimi qiymətləndirib
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Lahıc qəsəbəsinə səfəri yerli sakinlər tərəfindən “ən səmimi səfər” kimi qiymətləndirilib. Qəsəbə tarixində 3 əsas məsələlənin həlli ilə əlamətdar olan bu görüş həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm turizmə yeni impulslar verməyə, həm də yeni nəslin inkişafına hesablanıb.
Hələ 2017-ci ilin oktyabrında 3 strateji infrastruktur layihəsinin icrası ilə bağlı dövlət başçısının sərəncamları imzalandıqda, Lahıc sakinləri bu günün reallaşmasını səbrsizliklə gözləyirdilər. Cəmi 10 ay ərzində uğurla icra olunan layihələr Lahıcın tarixində yeni səhifə açdı: Dəmirçi-Lahıc avtomobil yolu, 400 şagird yerlik məktəb və Lahıc qəsəbəsinə çəkilən təbii qaz, kənd sakinlərinin təbirincə desək, xəyalları gerçəkliyə çevirdi.
“Lahıc” və “misgərlik” anlayışları yanaşı gəlir desək, yəqin ki, yanılmarıq. Yüz illər ərzində qəsəbə təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın əsas misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc Misgərlik Sənəti 2015-ci ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yeni avtomobil yolunun uzunluğu cəmi 22 kilometrdir. Bu yol iki vacib turistik məntəqəni birləşdirməklə bərabər, həm də ətrafda olan onlarla kəndin – Qoydan, Ximran, Əhən, Haftasiyab, Burovdal və başqalarının sakinlərinin gündəlik həyatını asanlaşdıracaq.
1980-ci ildən etibarən, Lahıc Tarix-Mədəniyyət Qoruğudur. Əsrlərlə yaşı olan abidələrlə bərabər, həm də yerli sakinlər bu qoruğun ayrılmaz tərkib hissələridir. 2000-dən artıq sakini olan Lahıcda elə bir ailə yoxdur ki, qədim sənət nümunələrindən biri ilə bilavasitə əlaqəsi olmasın. Yəni, hər bir lahıclı özü ilə Azərbaycanın qədim sənət növlərini qoruyur və nəsildən-nəslə ötürür. 100-dən çox sənət növü və peşənin yaşadılması üçün İcma Evləri xüsusi rol oynayır.
Həm tarixi sənət nümunələrinin qorunub saxlanılması, həm də nadir arxitekturası yerli və xarici turistlərin seçimində Lahıcım ilk sıralarda qərarlaşmasına səbəb olur. Təkcə bu ilin yanvar-iyul ayları ərzində qəsəbəyə dünyanın müxtəlif guşələrindən 45 minə yaxın turist gəlib.
Yerləşdiyi coğrafi ərazi, fərqli landşaftı Lahıca təbii qazın çəkilməsinə çətinlik yaradırdı. Dövlət başçısının iradəsi ilə bu məsələ də həllini tapdı. 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkilən qaz Lahıc daxilində 39 min metr uzunluğunda boru xəttinin çəkilişi ilə tamamlanıb: hər bir ev təbii qazla təmin olunub.
Lahıc qəsəbə orta məktəbi üçün binanın tarixi isə 1928-ci ilə aid idi. Əhalinin sayının artması və ətraf kəndlərin uşaqlarının yeganə təhsil ocağı olması məktəbdə sıxlıq yaradırdı. Ən əsası, binanın mövcud vəziyyəti müasir standartlara uyğun deyildi.
Səfərdən sonra dövlət başçısı İsmayıllıda növbəti layihələrin icrası üçün sərəncamlar imzaladı: buraya abadlıq-quruculuq işləri ilə bərabər, həm də qədim sənət növü – xalçaçılığın inkişafı və yeni uşaq bağçasının tikintisi daxildir. Bir sözlə, bütün görülən işlərin təməlində “insanların daha yaxşı yaşaması” prinsipi durur.

