Cəmiyyət 

Bu ilin 7 ayında 760 kilometrə yaxın yeni avtomobil yolu tikilib

ARANTV.AZ xəbər verir ki, bu il 2 min 300 kilometr avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Bu hesaba da 3,1 milyon əhalinin yaşadığı 600 yaşayış məntəqəsinin avtomobil yolları ən müasir tələblər səviyyəsində yenidən tikilərək əhalinin istifadəsinə veriləcək. Artıq 760 kilometrə yaxın yeni avtomobil yolu tikilib.

Prezident İlham Əliyev tərəfindən müəyyən edilən uğurlu iqtisadi-siyasət hesabına digər sahələrlə yanaşı, yol infrastrukturunda da böyük uğurlar qazanılıb. Son 14 il ərzində 12 min 800 kilometr yol çəkilib. 2018-ci ilin sonuna isə bu rəqəm təqribən 15 min kilometri keçəcək. Son 14 il ərzində ümumilkdə 450-ə yaxın  körpü tikilib. Mütəxəsisslər hesablamalarına görə, yol xərcləri məhsulun maya dəyərində 35 faizə qədər qalxa bilir. Əgər avtomobil yolu rahat və əlverişlidirsə, bu xərclər 10-15 faizə qədər azalır. Ona görə də Azərbaycan höküməti avtomobil yollarının ən müasir tələblər səviyyəsində yenidən qurulmasına xüsusi önəm verir. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, bu il də işlər uğurla davam etdirilir. 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, uzunluğu 415,2 kilometr olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə  uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1527,8 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası nəzərdə tutulub. Bundan əlavə, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi də bu il görüləcək işlər siyahısana salınıb. Bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2 min 51 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə etməsi təmin olunacaq. bu ilin 7 ayında nəzərdə tutulan işlər yüksək keyfiyyətlə və vaxtında icra olunub. Nəticədə uzunluğu 763,8 kilometr olan avtomobil yolu, prospekt və küçənin tikintisi və yenidənqurulması başa çatdırılıb. Ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü isə əsaslı təmir edilib. Bu layihələrin 95 faizi yerli qurumların hesabına icra olunur.

Son illər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində nəzərə çarpan intensivlik yeni yolun inşasını zəruri edirdi. Ona görə də dövlət başçısının tapşırığı ilə Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rusiya Federasiyasınadək müasir yol infrastrukturu yaradılır. Bu nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara avtomobil yolunun tikintisi isə başa çatdırılıb. Bu ilin 7 ayında yaddaqalan hadisələrdən biri Ziya Bünyadov prospektindən Hava Limanı istiqamətinə hərəkət edən avtomobillərin Koroğlu metrostansiyası yaxınlığındakı yol qovşağına girmədən qısa zamanda mənzil başına çatması üçün yeni avtomobil tunelinin inşasıdır. Bu layihənin reallaşması hesabına paytaxtın nəqliyyat sıxlığı xeyli azalıb.

Yolların yüksək keyfiyyətdə tikilməsi və müasir tələblərə cavab verməsi üçün Agentliyin yerli strukturlarının maddi-texniki bazasının gücləndirilməsi tədbirləri də davam etdirilib. 6 ay ərzində 220 ədəd ən müasir maşın və mexanizm alınaraq yol idarələrinə verilib.

Daha çox xəbərlər