Bərdə batalyonunun yaranmasının 28-ci ildönümü münasibətilə yüzlərlə keçmiş döyüşçü birgə xatirə tədbiri təşkil edib. VIDEO+FOTO
ARANTV.AZ bildirir ki, Bərdə Şəhidlər xiyabanına toplaşan qazilər döyüşdə həlak olan səngər yoldaşlarının məzarlarını ziyarət ediblər. Bərdə məscidinin axundu hacı Ramazan Hüseynov şəhidlərin ruhuna dua oxuyub. Qazilər Bərdə batalyonunun yaradıcısı və komandiri olmuş Elçin Əliyevin qəbri yanında toplaşaraq ehtiramlarını ifadə edib, xatirələrini bolüşüblər.
Komandir Elçin Əliyevin döyüş yoldaşları onun cəsurluğundan, hünərindən, eyni zamanda sadəliyindən, qayğıkeşliyindən danışıblar.
Məlumata görə, Bərdə batalyonu ilk yarandığında 60 nəfər könüllü əsgərdən ibarət olub. Qısa müddət ərzində isə sıraları genişlənərək 1200 nəfəri əhatə edib. Onlar cəbhənin Ağdam, Tərtər, Goranboy rayonları istiqamətində düşmənin hücumlarının qarşısının alınmasında misilsiz fədəkarlıqlar göstəriblər.





