Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu toplantıda Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıqdan danışılıb. Bildirilib ki, 2020-ci ilə qədər 20 gözlənilən nəticənin məqsədlərinə nail olmaq üçün bir sıra irəliləyişlər əldə olunub. Bu məqsədlərin bəziləri mühüm sektorlar üzrə Azərbaycanın Strateji Yol xəritələri ilə eynilik təşkil edir. Azərbaycanda dayanaqlı iqtisadi inkişaf və sosial-iqtisadi artımın təmin edilməsi məqsədilə institusional və struktur islahatları davam etdirilir. Görüşdə Cənub Qaz Dəhlizinin digər vacib seqmenti olan TANAP-ın təməlqoyma mərasimindən də söz açılıb. Bildirilib ki, Trans-Adriatik boru kəmərinin tikintisi son mərhələdədir. Diqqətə çatdırılıb ki, nəqliyyat sahəsində Trans-Avropa Nəqliyyat Şəbəkəsinin göstərici xəritələrinin son genişlənməsi bu gün nəqliyyat və ticarət dialoqunun inkişaf etdirilməsi məqsədilə möhkəm platforma yarada bilər. Azərbaycan bu gün regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır. Ölkəmiz tərəfdaşları ilə birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edir. Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biri olduğunu vurğulanıb.

