Avqustun 5-dən sonra kafe və restoranlar açılacaqmı? – AÇIQLAMA
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son günlərin statistikasına baxsaq görərik ki, yoluxanların sayında azalma müşahidə olunur:
“Bundan əlavə sağalanların sayı da xeyli artıb. Avqustun 5-dən sonra Operativ Qərargahın qərarı olacaq. Operativ Qərargahın avqustun 5-dən sonra hansı qərarı verəcəyi barəsində fikir səslədirmək çətindir. Düşünürəm ki, sağalanların çoxalması, virusa yoluxanların sayının azlaması avqustun 5-dən sonra sərt karantin rejiminin yumşalmasına səbəb ola bilər. Ona görə də çox ehtimal ki, sərt karantin rejiminə görə bağlanan bir çox iaşə obyektləri, parklar, kafe və restoranlar müəyyən qaydalara əməl etmə şərti ilə açıla bilər. Yəni maska taxmaq, sosial məsafəni qorumaq və sanitar epidemoloji qaydalara əməl etmək vacib amillərdən biri olmalıdır. Çünki yay ayında evdə oturmaq çətindir. Bundan əlavə insanlarımız işləmirsə bu onlar üçün müəyyən çətinliklər yaradır. Ancaq virusu da nəzərə almalıyıq. Əgər avqustun 5-dən sonra parklar, kafe və restoranlar açılacaqsa insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Xatırlayırsınız ki, 2 ay bundan öncə yumşalma olan zaman yoluxanların sayı kəskin artdı. Dövlət də məcbur oldu ki, yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq etsin”.

