1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Mənəvi sərvətimiz olan ana dilimizi qoruyaq!
Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətləri olan ulu öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa millətlərin nümayəndələrinin verdikləri qiymətdən də aydın olur. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, «Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir» söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Ulu Öndər onu da bildirirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır: «Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.» « Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. Azərbaycan dilinə qayğını dövlətimizin siyasi –ideoloji vəzifəsi hesab edən Ulu Öndər «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» və « Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanları imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, müxtəlif üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyətimizin qarşısında yeni üfüqlər açılmışdır.
Qanuna müvafiq olaraq dövlət dilinin təhsildə, mətbuatda, xüsusi adlarda, xidmət sahələrində, vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə, reklamlarda işlənməsi qaydaları, qanun pozulmasına görə məsuliyyət müəyyənləşdirildi.
«Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın qəbulu əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması zəruri hesab olundu.
Milli varlığımızı təsdiqləyən, dərin köklərə malik xalqımızın tarixi kimi qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsini müasir türk xalqları ilə yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılıq kimi dəyərləndirən, «Dil siyasətində sərhəd məhdudiyyəti yoxdur» söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, ana dilinin mənşəyinin öyrənilməsinə, formalaşmasına, inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. «Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur»,
«Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir» söyləyən ümummilli lider Heydər Əliyev
bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin təklifinə və ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, «Elektron hökumət», «Elektron dərslik», «Elektron kitabxana» terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. «Azərbaycan Milli Ensklopediyanın nəşri haqqında» Sərəncam imzalandı.
Prezident İlham Əliyevin 01.11. 2018-ci il tarixli «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»kı Fərmanında ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.
Göründüyü kimi, Azərbaycan xalqı daim milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, onların təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir. Bu fakt inkaredilməzdir ki, uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, milli xüsusiyyətlərimizi, mənliyimizi qorumuşuq. Dövlətimizin başçısı, eyni zamanda, bildirir ki, milli dəyərlərimiz ümumbəşəri dəyərlər əsasında qurulub: «Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli-mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir.»
Azərbaycanın ötən il UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahbiliyi bir daha tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılığına işıq saldı. Bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycan ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir.
Yeganə Əliyeva, «İki sahil»

