Oğlumla qürur duydum” – əsgər anası
“Bir aydır Miralı hərbi xidmətdədir. 9 avqust tarixində Gənc Döyüşçü Kursunu keçdiyi hərbi hissədə andiçmə mərasimi təşkil edilib. Oğlum haqqında eşitdiyim xoş sözlərə görə qürur duyuram”.
Bunu “MediaPost”a açıqlamasında əsgər anası Əhmədova Ramilə Behbud qızı deyib. Onun sözlərinə görə, avqustun 9-da gənc əsgərlərin andiçmə mərasimində oğlu da iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi əsaslarla təhsil alan Əhmədzadə Miralı Abuzər oğlundan danışan anası onunla qürur duyduğunu deyərək, göz yaşlarını saxlaya bilməyib:
“Andiçmədə onun haqqında deyilən xoş sözlərə görə sevinirəm. Çox kövrəlmişəm. İnanmazdım ki, Miralı hərbi xidmətdə bu qədər nümunəvi əsgər ola bilər. Əlimin altında böyümüş uşaq idi, nə istəyib onu eləmişəm. İndi isə oğlum hərbi xidmətdə Vətənə borcunu ödəyir”.
Ramilə xanım deyir ki, karantin səbəbilə andiçmədə valideynlərin iştirakına icazə verilməsə də, oğlu haqqında deyilən xoş sözlərdən xəbəri var:
“Əmisi və qardaşı gəlib evdə danışdılar, dedilər ki, görüşdə hamı onu tərifləyib. Miralının həm intellektual səviyyəsindən, həm də davranışından danışıblar. Hələ Miralı orada elə gözəl çıxış eləyib ki… Bunu biləndən sonra həqiqətən də əmin oldum ki, çəkdiyim əziyyət hədər getməyib. Əgər övladım ictimaiyyət içində özünü apara bilirsə, deməli, valideyninin əməyini itirməyib. Qardaşı Pərvaz da orada idi, deyir ki, qardaşım çıxış edəndə özümdən asılı olmadan ağladım. Biz qürurumuzdan ağlayırıq”.
Qeyd edək ki, Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək üçün mərasimdə hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin iştirakı qadağan edilib.

