Sosial 

Naxçıvanda gənc yanğınsöndürənlər and içiblər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində gənc yanğınsöndürənlərin andiçmə mərasimi olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənc yanğınsöndürənlər Azərbaycan Respublikasına sadiq olacağına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, fövqəladə hallar orqanları əməkdaşının şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra çıxışlar olub.

Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov, Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov gənc yanğınsöndürənlərə uğurlar arzulayıb, qarşıya qoyulan vəzifələrdən danışıblar. Gənc yanğınsöndürən Turac Hacıyev yaradılan şəraitdən düzgün istifadə edərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə söz verib.

Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidməti vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayıb.

Sonda gənc yanğınsöndürənlər tribuna önündən keçiblər.

Daha çox xəbərlər