Sosial 

Qarabulaq,sonra Karyagin, bu gün isə Füzuli adlanan yurduma qayıtmaq istəyirəm!

Respublikamızın böyük və qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu 1827-ci ildə inzibati ərazi vahidi kimi formalaşaraq “Qarabulaq”adlanmışdır. Qarabulaq “ tanınmış böyük böyük yurd”anlamını ifadə edib. Bəzi fikirlərə görə isə “qarabulaq”sözü – böyük bulaq oğuz yurdu “kimi mənaya malik olması açıqlanmışdır. Qədim Oğuz tayfalarında bulaqoğuz adlı tayfa mövcud imiş və həmin tayfa qədim zamanlardan Qarabulaq kəndində özlərinə yurd, məskən salmışlar. Kəndin adının belə adlanması bu tayfanın adı ilə də bağlanır.

Qarabulaq 1930-cu ildə rayon kimi təşkil olunmuş və Karyagin adlanmışdır. 1959-cu ildə unudulmaz, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Karyagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılmışdır.

Füzuli rayonu Azərbaycanın qədim tarixə malik rayonlarından biridir. Yer üzünün ilk insan məskənlərindən biri sayılan Azıx mağarası burada yerləşir. Azıx adamları, ibtidai insan hər cür ilahi nemətlərlə zəngin olan Quruçay dərəsində məskunlaşmışdılar. Aparılan arxeoloji qazıntılar,elmi tədqiqatlar nəticəsində maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur.Quruçay mədəniyyəti adını almış ibtidai mədəniyyət bu rayonun tarixiliyinin göstərgəsidir. Rayonun bir sıra kəndlərində tarixi memarlıq abidələri mövcud olmuşdur. Xlll əsrə məxsus Arğalı Türbəsi, Babı türbəsi,XVəsrə aid Mirəli türbəsi, XVll əsrə aid Hacıqiyasəddin məscidi, Karvansara, XIXəsrə məxsus Hacı Ələkbər məscidi, Məşədi Həbib hamamı və.s qədim abidələri göstərmək olar. Çox təəssüf ki, erməni vandallarının Azərbaycan ərazilərinə hücumları zamanı həmin abidələr darmadağın edilmişdir.

1988-ci ildən ermənistan hərbi qüvvələrinin hücumları zamanı yüzlərlə Füzulili döyüşmüş, şəhid olmuş, qətlə yetirilmiş və əsir düşmüşdür.Füzulinin 1100dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.Sıravi vətəndaşların döyüş meydanında qaçmaması, murdar düşmənin üzərinə qorxmadan yürüyərək qəhrəmancasına döyüşməsi, onlardakı yurda, torpağa bağlılıq sevgisi bizim kimi gənclərə nümunə olmalıdır.Çox itkilər versək də, arxalı köpəklər doğma yurdumuzu mənimsədilər. 1993-cü il 23 avqust tarixində Azərbaycanımızın ecazkar gözəlliklərə sahib Füzuli rayonu erməni-rus hərbi birləşmələri tərəfindən işğal edildi. Mən və mənim kimi yüzlərlə Füzulili balaları körpə uşaqkən ailələrimizin yaşadıqları acıları anlamasaq belə onlarla bərabər keşməkeşli, çətin günlər yaşadıq.

Hazırda 51 kənd və rayon mərkəzi mənfur düşmənin əlindəndir.55min nəfərə yaxın füzulili öz doğma yurd-yuvalarından didərgin düşmüşdür.

Həsrətli könüllər, qəmli bu gözlər

Arayir,  hər yerdə axtarır səni

Elə bilmə yadlaşdın, unuduldun

Torğagina daşına qurban olduğum

Unutmaq olar  mı Füzulim  səni !

 

Sığışmır köksümə daşıdığım bu ürək

Bu nisgili gözlərdən anlayan gərək

Daha dərdimizi kimə duyuraq, kimlərə deyək

Allah duy səsimizi, Ümidimiz açsın çiçək

Doya-doya qoxlayaq nəfəsini,Füzulim səni!

 

Vaxtsız dənlər düşdü siyah saçlara

Qırışlar calaq atdı baxışlara

Sənsiz keçən bunca qəmli yaşlara

Tanrım kömək ol, ələmdən axan yaşlara

Bəxtəvər illər,xoş günlər gözləyir Füzulim səni!

 

Kaş ömür edə vəfa qovuşaq biz də

Dağında yamacında dolanaq gəzək

Hər qarışını ceyrantək süzək

Əldən düşək, Qoy taqət qalmasın dizdə

Mən qərib,sən ümidli Füzulim mənim!

 

Nənə-babamın, rəhmətə gedən qohum-əqrəbalarımın öz doğulduqları, boya-başa çatdıqları vətənlərini görmədən, ona qovuşmadan dünyadan köçməsi və öz əcdadlarının uyuduqları torpaqlarda dəfn olunmaması məni çox kədərləndirir.Azərbaycanımızın hər qarışı, hər rayonu bizim üçün əzizdir.Lakin doğulduğumuz torpaq bizim üçün daha müqəddəsdir.Mən bu müqəddəsliyi,vətənə, yurda olan o sonsuz, əvəzedilməz sevgini böyüklərimizin söhbətlərində, xatirələrini bölüşərkən keçirdikləri həyəcanlarında, bəzən hönkürüb ağladıqlarında şahidi olurdum. Vətənpərvərlik elə bir ali hisdir ki, hər şəxsə o hissi yaşamaq nəsib olmaz.

Artıq 27 ildir ki, Füzulisizik. Biz qərib həsrətli, Füzulimiz isə gözü yolda ümidlə biz Füzuliləri gözləyir. Dövlətimiz, dövlət rəhbərimiz cənab İlham Əliyev hər zaman məcburi köçkün ailələrinin yanında olmuş, dəstək və qayğısını əsirgəməmişdir.Mən inanıram ki, Prezidentimizin uğurlu siyasəti nəticəsində işğal olunmuş hər bir rayonumuz azad olacaq. Uca Yaradan dövlətimizi, millətimizi qorusun!

Daha çox xəbərlər