Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda bərpa olunan “İmam Hüseyn” məscidinin açılışında iştirak edib
ARANTV.AZ xəbər verir ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “İmam Hüseyn” məscidinin açılışında iştirak edib.
Cəmiyyətin, ölkənin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycanda bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Vətəndaşlarının əksəriyyəti müsəlman olan Azərbaycanda məscidlərin, eyni zamanda rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi və təmiri dövlətin bu istiqamətdə apardığı siyasətin göstəricisidir. Bu işdə Heydər Əliyev Fondunun da gördüyü işlər böyük əhəmiyyətə malikdir.
Bakı şəhərinin Yasamal rayonunda, Abdulla Şaiq küçəsi 14 ünvanında yerləşən “İmam Hüseyn” məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “İmam Hüseyn” məscidinə gəldi.
Məscidin axundu Həci Əbdül məlumat verdi ki, “İmam Hüseyn” məscidi 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən açılıb və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təmir edilib. 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın qədim məscidlərindən biri olan “İmam Hüseyn” məscidində əsaslı təmir və bərpa işlərinə başlanılıb. Təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 m2 təşkil edir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. “İmam Hüseyn” məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.
Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib, xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı prioritet məsələlər sırasında olub. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgahlar təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Fondun dəstəyi ilə bərpa olunan “İmam Hüseyn” məscidinin itifadəyə verilməsi də milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir. Məscidin axundu Birinci vitse-prezident Mehriban Əliyevaya Müqəddəs Qurani Kərimi hədiyyə etdi.
Dövlət-din münasibətlərinin Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Azərbaycanın bu istiqamətdəki siyasəti artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq edib. Azərbaycan öz milli mənəvi, dini dəyərlərinə sadiq, onları qoruyan, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyən bir ölkə kimi tanınır.

