Gündəm 

Medallar sırasına daha ikisi əlavə olundu

ARANTV.AZ xəbər verir ki,Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalı, eləcə də “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı təsis edilir. Milli Məclisin plenar iclasında bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilib. İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi də qəbul olunub.

Gündəliyin və cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri müxtəlif məsələlərdən danışdılar, bəzi təkliflər səsləndirdilər. Çıxışlarda son günlər ölkəmizin həyatında baş verən mühüm hadisələr, reallaşdırılan tədbirlər xüsusi qeyd olundu. Vurğulandı ki, son dərəcə uğurlu layihə kimi rellaşan STAR Neft Emalı Zavodunun açılışı Azərbaycan və Türkiyə qardaşlığının ifadəsi kimi tarixə düşdü. Türkiyə və Azərbaycana ciddi iqtisadi və maliyyə dividendləri gətirəcək layihə iki ölkə arasında münasibətlərin bundan sonra daha ciddi inkişafında mühüm rol oynayacaq. Qeyd olundu ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Digər bir məsələyə diqqət çəkən millət vəkilləri bildirdilər ki, bu il həm də Ermənistan Respublikası adlanan qədim Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın erməni vandalizmi ilə qarşılaşaraq öz yurd-yuvalarından didərgin düşmələrinin 30 ili tamam olur. Bununla bağlı parlamentin komitələrində dinləmə keçirilməsi, bu hadisəni pisləyən bəyanatın qəbul edilməsi təklif olundu. İclasda Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalı, eləcə də “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik olundu. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan 5 fəsil, 19 maddədən ibarət yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi qəbul edildi. Bu sənəddə uşaqlar üçün zərərli informasiyanın dairəsi müəyyənləşdirilir, növləri əksini tapır. İnformasiya məhsulunun yaş təsnifatının həyata keçirilməsi yolları xüsusi ardıcıllıqla qeyd olunur və yaş qrupuna aid uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyələri nəzərə alınaraq aparılır. Layihədə informasiya məhsulunun işarələnməsi, televiziya və radio yayımı vasitəsilə yayımlanmasına aid tələblər, informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan, eləcə də qadağan olunan informasiya məhsulunun dövriyyəsinə aid tələblər əksini tapır. Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emomali Rahmonun Birgə Bəyanatını da təsdiqlədi. “Yerli Bələdiyyələr və ödənişlər haqqında” qanuna da edilən dəyişikliyə əsasən bələdiyyələr qanunda nəzərdə tutulmuş vergilərin yığılması üçün ərazilərində yerləşən vergitutma obyektlərinin müəyyənləşdirilməsi məqsədilə daşınmaz əmlak barədə məlumatı qanunla müəyyənləşdirilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrindən alacaqlar. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı da qəbul olunub. Nazirlər Kabinetinin sözügedən məsələ ilə bağlı qəbul etdiyi qərarında göstərilir ki, bələdiyyələr yazılı və ya elektron sorğu əsasında müraciət  edəcək. Reyestr də müəyyənləşmiş qaydada və ədəniş əsasında daşınmaz əmlak barədə tam məlumatı bələdiyyələrə göndərəcək. Elektron müraciət edildikdən sonra 3 gün ərzndə məlumat təqdim olunur. Lakin bələdiyyə böyük bir ərazinin məlumatını almaq istəyirsə, bununla bağlı ilin əvvəlində müraciət edəcək və iyunun 1-dək istənilən məlumatlar  bələdiyyələrə göndəriləcək. Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə “Dövlət rüsumu”, “Baytarlıq”, “Fitosanitar nəzarəti”, “Yeyinti məhsulları” haqqında qanunlara dəyişikliklər təklif olunur. Belə ki, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, agentlik tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50 faizinin agentliyin xəzinə hesabına köçürülməsi, qalan hissəsinin isə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur. “Baytarlıq”, “Fitosanitar nəzarəti”, “Yeyinti məhsulları” haqqında qanunlara təklif edilən dəyişikliklərə görə isə adı çəkilən qanunların tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Qida Təhlükəsilziyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin qurumun hesabına köçürülməsi nəzərdə tutulur.

İclasda “Milli Məclis deputatının statusu”, “Milli Məclis deputatının etik davranış qaydaları” haqqında qanunlara və Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən dəyişikliklər də müzakirə olundu. “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fizki və ya hüquqi şəxsə təklif edə bilməz. Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Bu deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir. Qanunda nəzərdə tutulmuş məbləğdən- yəni 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir. Layihədə qeyd olunur ki, deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdikləri görüş, həmin görüşün mövzusu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamladır. Bu məlumatlar protokolaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunan rəy və təkliflər isə Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Milli Məclisin Daxili Nizamnaməsinin dəyişikliklərin təklif olunduğu 23-cü maddəsində deputatlıqdan məhrumetmə ilə əlaqədar məsələyə parlamentin baxması qaydası əksini tapır. Deputatın səlahiyyətlərini itirməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir. Dəyişikliyə əsasən, parlamentin İntizam Komissiyasının səlahiyyətləri də artırılır. Milli Məclisin buraxılması ilə bağlı parlamentin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə isə qeyd olunur ki, Milli Məclis Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyənləşdirilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblərə görə icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır. Gündəlikdəki sonuncu məsələ “Psixoloji yardım haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi idi. 6 fəsil, 22 maddədən ibarət layihə Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyənləşdirəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Qeyd olundu ki, son illər paytaxtın 24 böyük tibb müəssisəsində 35 psixoloq ştatı açılıb. Ölkənin 7 böyük şəhər və rayonunun səhiyyə müəssisəsində də psixoloq vəzifəsi təsis edilib. Özəl səhiyyə sektorunda da bu sahədə iş aparılır. Lakin psixoloji yardım göstərilməsinin hüquqi bazasının olmaması səbəbindən xüsusilə özəl müəssisələrdə bu sahə heç bir norma ilə tənzimlənmir. Millət vəkilləri belə bir qanunun qəbulunu vacib saydılar.

Daha çox xəbərlər