Sosial 

Alın yazısı

Gecənin irəliləyən saatlarında zülmətə qərq olmuş göy üzünü izlərkən bir xırıltı səsi məni səyahət etdiyim xəyallar aləmindən real həyata geri qaytardı. Sanki qaranlıq bir diyarı işıqlandırmaqla vəzifələndirilmiş günəş yenicə dağların arasından baş qaldırmaq istəyirdi. İşıl-işıl yanan ulduzları seyr edərək daldığım xəyallar aləmindən ayrılmalı oldum. Özümü balaca, taxta qapılı daxmadan bir az irəlidə, saralmış, xəzan olmuş yarpaqların üzərində uzanmış vəziyyətdə tapdım. Tez ayağa qalxdım, üstümü təmizlədim. Xəfif külək əsirdi. Nə olduğunu anlamaq üçün sağa, sonra sola baxdım. Heç nəyin fərqində deyildim. Həmin səsin hansı tərəfdən gəldiyini belə anlamadım. Bir anlıq sakitlik çökdü hər yerə. Cəld addımlarla evə tərəf qaçdım. Tez içəri keçdim. Otağın qapısını yavaşca açdım. Artıq çox gecikmişdim. Verdiyim sözü tuta bilməmişdim. Həzin səslə- “Haqqını halal et, baba”-deyə pıçıldadım. Sanki valideynlərimi ikinci dəfə, yenidən itirmişdim. Yerlə göy arasında sıxışmış, tək tənha hiss edirdim özümü. Qolum-qanadım qırılmışdı. Qucağında oturub dinlədiyim nağıllar, uşaqlarla dalaşanda qaçıb qoynuna sığındığım günlər, darıxanda ana-ata özləmimi söndürmək üçün boynunu qucaqlayıb ağladığım anlar, gözümün önündən keçdi.

Mən ucqar, balaca, səs-küydən uzaq, qışda da, yayda da başına ağ örpək örtmüş dağların arasında yerləşən kəndin nümayəndəsiyəm.  Saf  bulaq suyundan içib, təmiz dağ havasını ciyərlərimə çəkmişəm. İsti yay günlərində coşub-çağlayan, bumbuz çayın kənarında qaçıb-oynayan bir uşaqlığım olub. Biraz həssas, biraz kövrək, biraz qəmgin, bəzən də çox dəcəl və şıltaq olmuşam. Evin tək uşağı olduğum üçün, ən əsası da ana-atamı çox kiçik yaşda itirdiyimə görə babam bir sözümü iki etmirdi. Alın təri ilə qazandığı halal çörəklə böyüdüb boya-başa çatdırmışdı məni. Övlad həsrəti ilə yanıb tutuşan ürəyinə daş basaraq, xüsusi diqqət və qayğı ilə yetişdirirdi. Həyatdan vaxtsız köçən valideynlərimin yoxluğunu hiss etdirməməyə çalışırdı. Mən də onun qəlbindəki yaranı qanatmamaq üçün heçnə demir, soruşmurdum. Bu səbəbdən də bundan sonrakı həyat yolumda onsuz, babamsız addımlamaq çox çətin gəlirdi mənə.

El arasında uşaqlara verilən, adət halına çevrilmiş bir sual var: “Böyüyəndə kim olmaq istəyirsən?”Hər balaca kimi mən də bu sualı çox eşitmişəm. Cavabım isə dəyişilməz olub: ”həkim”. Həkim olmaq mənim ən böyük xəyalım olub. İnsanların əzəli düşməni olan xəstəliklərlə mübarizədə ətrafıma, tanımadıqlarıma belə kömək etməkdə görürdüm yaşama sevgisini. Minlərlə insanın həyatını xilas etmək idi amalım. Hipokrat andı içərək, İbn- Sinanın səhiyyə sahəsinə verdiyi dərin töhfələrdən ilham alaraq arzumu yerinə yetirmək istəyirdim. Balacalığımda babamın gözümün önündə şam kimi əriyən ömrünü uzadacağıma, yaralı qəlbini sağaldacağıma, həm övlad acısı, həm də xəstəlik ağrısına tab gətirməyən ürəyinə məlhəm olacağıma söz vermişdim. Sözümü tuta bilməmək idi qorxum. Bunu dilə gətirdikdə isə babamın üzündə təbəssüm yaranırdı və deyirdi: “Mənim ağıllı balam, əgər sən  gələcəkdə  təhsilli, savadlı, gərəkli həkim olsan, onlarla, yüzlərlə dərdə dərman olsan, bil ki, mən göylərdən səni izləyib çox şad olacağam. Bax, bu əsil mənim nəvəmdir, deyəcəyəm.” Əslində doğma balası kimi böyüdüb boya-başa çatdırdığı nəvəsinin gələcəyə yararlı, xalqına, millətinə faydalı bir həkim olmağı onun da arzusu idi. Çox güman ki, babam arzusuna çatacaqdı. Amma mənim qorxduğum başıma gəlmişdi. Verdiyim sözü tuta bilməmişdim. Bir şeydən təsəlli alırdım, o da babamın mənə söylədikləri idi. Onu itirdikdən sonra daha çox çalışıb arzuma nail olacağıma inanırdım. Elə də oldu. Bir neçə ildən sonra o şərəfli peşəyə yiyələndim. Sakit, səssiz-səmirsiz kənd həyatının yetişdirdiyi sakin səs-küylü , hərəkətli şəhərin nümayəndəsinə çevrilmişdi.  İnanaraq və çox çalışaraq sahib olduğum peşəni sevərək icra edirdim.

Elə bir zaman gəlib çatdı ki, şəhəri bir bəla bürüdü. Elə bir bəla ki, nə yaşlıya, nə cavana, nə qadına, nə uşağa rəhm edirdi. Məqsədi sadəcə can almaq idi. Bəli, Allahın verdiyi, biz qullara əmanət etdiyi canı. Tüğyan edən bu bəladan insanları xilas etmək isə biz həkimlərin öhdəsinə düşürdü. Axı biz sərhəd tanımadan, öz canımızı təhlükəyə atmaq bahasına belə insanları qorumağa and içmişik. Əsas məsələ ağ xalatın bizə yaraşıb yaraşmadığını düşünmək deyildi. Yeri gələndə təmiz vicdanlı, yeri gələndə soyuqqanlı ruhumuzla həmin libası daşıya bilmək idi. Əgər insan mənəviyyatının keşikçisi müəllimlərdisə, həkimlər həmin mənəviyyatın cismə yansımasının qoruyucusudur. Yaşından, cinsindən, xarakterindən, xüsusiyyətindən asılı olmayaraq, heç bir xəstəyə fərq qoymadan məsələyə obyektiv yanaşaraq problemləri həll etmək qarşıda duran əsas vəzifələrdəndir. Xəstəliyə düçar olmuş bir kimsəni həyata döndürməkdir həkimlik. Bu məsuliyyətli və bir o qədər də çətin peşəyə sahib olduğum üçün çox şanslı idim. Və həm  öz arzumu, həm də babamın məndən istəyini yerinə yetirmək zamanı gəlmişdi. Şəhərdə yaranan və qısa müddət ərzində geniş yayılan xəstəlik bir qara bulud kimi əhalinin başı üzərini kəsmişdi. Təşvişə düşən insanların qorxusu hər sahədə durğunluq yaradırdı. Küçələrə çıxmağa ehtiyyat edərək xəstəliklə mübarizə aparırdılar. Səs-küylü, körpələrin şən oyun səsləri ilə çınlayan küçələr, yaşlıların söz-söhbətinə şahid olan yaşıl parklar, elm, bilik əldə etmək üçün balacaların üz tutduğu təhsil ocaqları kimsəsiz və bomboş qalmışdı. Quraqlıq bir səhranı xatırladan şəhərdə həyat durmuşdu sanki.  Hər kəs evə qapanmış öləcəyi günü gözləyirdi elə bil. Təhlükə yollarda, havada, toxunduğumuz hər yerdə idi. Ünsiyyətə, dostluq, qonşuluq, hətta qohumluq əlaqələrinə belə mənfi təsir edən bu bəla ən çox da yaşlıları nişan almışdı. Ürəyində onlarla arzusu olan minlərlə nənə-babalarımızın sabaha ümidi qalmırdı. Əcəli qabaqlayıb durmadan can alan yoluxucu xəstəliyin  çox qısa müddətdə xeyli qurbanı var idi artıq. Bu kabusdan oyanmaq üçün biz həkimlər yatmadan, yemədən, içmədən bir çarə axtarırdıq. Əsasən yüksək hərarət, şiddətli baş ağrısı ilə özünü büruzə verən xəstəlikdən xilas olmaq mümkünsüz görünürdü.  Lakin hər qaranlıq gecəni aydınlatan bir səhər var. Əlbəttə, əvvəlki yaşam tərzimizə dönəcəyimiz günlər də gələcəkdi. Və çox yaxın idi. Şəhəri bürüyən qara buludun dağılacağı gün uzaq deyildi.  Bunu gecəsini gündüzünə qataraq, dayanmadan çalışıb-vuruşan həkimlərimiz bacaracaqdı.

İnsanları və elm aləmini böyük bir təhlükə ilə üz-üzə qoyan virus kəskin ağciyər xəstəlikləri, ağır tənəffüs çatışmazlığı ilə davam edir, və ölümlə nəticələnə bilirdi. Bu qurtuluşu olmayan bəla öz eqosuna, kininə, qəzəbinə məğlub olan, mənliyini, qürurunu ayaqlar altına alan bir insanın acı çəkərək can verməsi qədər təhlükəli idi. Əlbəttə sonu da o insanın ağrı-əzablı məhv oluşu qədər acımasız, amansız olacaqdı. Xəstəxanalara axın edən kütlənin gözündəki kədər, qəm, xəstəliyin nəfəsinə verdiyi ağırlıq insanın qəlbini sızladırdı. Balaca çırpınan ürəyi, süd qoxulu dodaqları, imdad diləyən gözləri ilə anasından zorla ayrılan günahsız körpə kimdən görəcəkdi əvəzedilməz ana sevgisini?! Hələ yeniyetməlik çağında olan, içi qan ağlayan məsum baxışlarla, titrək səslə atasını səsləyən oğlanı demirəm. Axı o, həyatının idealını itirirdi. Hətta gözlərimi yumanda yenicə əhdi-peyman bağlayan sevgililərin həzin və faciəli sonu, ayrılışı hafizəmi bir qurd tək gəmirirdi.

Şəhəri bir canavar tək pəncəsinə alan virus o həddə çatmışdı ki, təəssüf ki, artıq əlacsız bir şəkildə gözlərimiz önündə onlarla körpə, gənc, yaşlı can verirdi. Bunlara şahid olmaq çox ağır idi. Hətta canını təhlükəyə atan həkimlərimizin də əksəriyyəti bu xəstəliyə yoluxmuşdu. Və təəssüf ki, həyatlarına son nöqtə qoyan da bu xəstəlik oldu. Aylarla davam edən acılı, təşvişli, qorxulu günlərdən biri də mənim başıma gələcəkdi.  Amma bundan xəbərsiz  idim.

İyul ayının ən isti günlərindən birini yaşayırdıq. Öhdəliyimdə olan yaşlı bir qadın passentim idi. Kimsəsiz, övladını itirmiş, saçları hicrandan ağarmış, gözləri  illərin həsrəti ilə yanıb tutuşan ağbirçək ana  baş ucundakı rəfdən təqvimi götürüb elə hey vərəqləyirdi.  Çox qəribədir ki, iyul ayının 15-i olmasına baxmayaraq əvvəlcədən işarələnmiş təqvimdə tarix 20 iyulu göstərirdi. Hər yeni günün başlanğıcı yaşlı qadın təqvimi vərəqləyib qələmi ilə günlərin üzərinə xətt çəkirdi. Səbəbini soruşduqda dedi ki: ”Zaman dolur, az qalıb.” Bunu necə anladığını soruşduqda isə cavabı belə oldu: ” İyirmi beş il bundan əvvəl bu tarixdə övladımı itirdim. Bu mənim gözəl, şən, xoşbəxt günlərimin sonu oldu, ölümüm oldu. O gündən bu yana ötən aylar, illər ərzində bir ölüdən fərqim olmadı. Təkcə nəfəs almaq yaşamaq deyil, oğul!” – deyə başını aşağı salıb asta səslə pıçıldadı.

Amma dərdimizin, ağrımızın eyni olduğunu bilmirdi. O, övladının qoxsuna həsrət qalmışdı, mən isə valideynlərimin. Bir anlıq gözümün önündə uşaqlığım, anamsız keçirdiyim acılı-şirinli günlər canlandı. Yaşlı ananın sözlərindən sonra çox təsirləndim. Bir tərəfdən xəstəliyin yaşlı və gücsüz bədəninə gətirdiyi ağırlıq, digər tərəfdən iyirmi beş ilin ondan bir qasırğa tək sovurub apardığı günlərin həsrəti saçlarını ağartmaqla yanaşı, qəlbini də yaralamışdı. Elə hey qanayıb qaysaq bağlamayan  yaralı və kövrək ürəyinə bir də bəlalı virusun ağır fəsadları əlavə olunmuşdu. Səma mavisi gözlərinə baxanda əzablı həyat yolunun ona verdiyi qüssə, kədər açıq-aydın görünürdü. Bildirmək istəməsə də ürkək və təsirli baxışları onu ələ verirdi. İyirmi beş il bundan əvvəl, eyni gündə avtomobil qəzasında itirdiyi oğlunun yanına tez getmək istəyirdi. Çox ağır, ahəstə-ahəstə nəfəs alırdı. Çətinliklə ayağa qalxırdı. Müqavimətdən düşdüyünə görə ayaqda durmaqda da çətinlik çəkirdi. Heçnə yemir, heçnə içmirdi. Həyatdan tam təcrid olunmuş tərzdə yaşamağı üstün tuturdu. Bir səhər palata daxil olanda gördüm ki, qadın o qədər taqətdən düçüb ki, artıq gözlərini aça bilmir. Tez-tez təkrarlayır: “Gəldin? … Gəldin? ” Bəli, o, oğlunu axtarırdı. Yüksək hərarət bədənini yandırırdı. Bütün müdaxilələrə baxmayaraq onun son anı olduğunu anladım. Son nəfəsini verərkən babamın yanında olmamağım səbəbindən çəkdiyim vicdan əzabı məni yaşlı qadının əlindən tutub onu qucaqlamağa sövq etdi. Qəlbimdəki sızıltı və ruhumdakı insani hisslər bütün təhlükələri unutdurdu mənə. Bir anlıq kəskin virusdan qorunma qaydalarına riayət etməyi belə unutdum.  Nə qayğıya ehtiyac duyduğum ən aciz  yaşlarımda itirdiyim ana-atamın, nə də o acı xatirələri mənə unutdurmaq üçün özünü oda-közə vuraraq çalışıb böyüdən babamın son nəfəsində yanında olmuşdum. Ölümün pəncəsində olan yaşlı qadının baş ucunda dizüstə  yerə çökdüm.  Sanki fırtınaların ondan qopardığı xoşbəxtliyin, saflığın qırıntıları lopa-lopa əllərinə hopmuş, ləkəyə dönüşmüşdü. Üzünün qırışları  əzab  dolu  günlərinin  sayı  qədər  idi bəlkə də.  İyirmi beş il heç vaxt qayıtmayacaq övladının yolunu çəkən gözlərindən bir damla yaş axdı və gərdanına süzüldü . Əlimi möhkəmcə sıxdı. O, oğlunun yanına tez getdiyi üçün sevinirdi, mən isə bəlalı xəstəliyin bir can daha aldığı üçün, həkimlik vəzifəmi yerinə yetirə bilmədiyimə görə, həmçinin illər öncə itirdiyim anamı xatırladığıma görə için-için ağlayırdım. Bir tərəfdən  də ürəyimdə  qana dönüb  gözlərimdən yanaqlarıma süzülən damlalar dodaqlarımdan sözlərimə qarışıb axırdı: “ Baba, mən  sözümü  yenə tuta bilmədim, bağışla, baba,  mən… Bir canı xilas edə bilmədim, bağışla…  Sənin dərdinə əlac olmadığım kimi… yenə bacarmadım…”  Saatlar keçməsinin fərqinə belə varmadan çöküb qaldığım yerdən bir ələ tutunaraq qalxdığımı hiss etdim. Bir neçə gün dərin və ucsuz-bucaqsız bir boşluqda idim sanki.

Həyat  hər  üzünü  göstərirdi . Xəstəliyə qurban  olan canlar artıq saya gəlməyəcək qədər çox idi.  Axı məsum körpələrin, qol-qanadı qırılmış yaşlıların, arzusu  ürəyində qalmış  gənclərin günahı nə idi?  Bəs, biz  həkimlər? Hər  gün  gözlərimiz  önündə  məhv  olan  ömürləri  necə  seyr  edə  bilərdik?  Bu düşüncələr beynimdə dayanmadan  dolanırdı.

Vəziyyəti olduqca ağır olan bir  xəstəni  müayinə etmək üçün  pillələri sürətli addımlarla enirdim. Bir anda  hər  yerin  aydınlandığını, hətta , işıqdan gözlərimin yumulduğunu hiss etdim.  Başımda isə çox şiddətli  ağrı  var  idi.  Gözlərimi açanda taqətsiz, yüksək hərarətlə uzanmışdım və çox ağır nəfəs alırdım. Başımda güclü ağrı var idi. Təcrübəmdən də asılı olaraq başıma gələnlərin səbəbini  anlamışdım.  Bunun bir açıqlaması var idi. Bəli, mən də artıq o bəlanın daşıyıcısı idim. Nə vaxt və necə yoluxduğumu təxmin edə bilirdim. Amma bu müddətdə kimlərlə ünsiyyətdə olduğumu yəqinləşdirməyə çalışırdım.  Tək qorxum bilmədən və istəmədən başqa günahsız canlara da yoluxdurmamdan  ibarət  idi.  Saatlar keçdikcə ruhumun cismimdən  yavaş-yavaş  qopduğunu hiss edirdim. Başımdakı ağrı daha da güclənirdi.  Nəfəs almaq  isə çox ağır idi. Həmkarlarımın müdaxilələri boşa çıxırdı.  Hər  keçən  dəqiqə  mənə up-uzun  bir il kimi gəlirdi. Gözlərim tavandakı çilçıraqdan başqa bir şey görmürdü.  Qulaqlarımda isə xəstəxanada  ağrıdan inildəyən xəstələrin , təşvişlə köməyə qaçan həkimlərin ayaq səsləri çınlayırdı. Günün 24 saatı kiməsə nə isə yardımı toxunacaq deyə  təlaşla  imdada  yetişən  həkimlərimiz  dayanmadan  əlac  axtarırdı.  Demək olar ki, xəstəlikdən geriyə ya ağlayan bir cüt göz , ya da virusun fəsadlarıyla həyatlarına davam edən bir neçə bədən qalırdı.  Ən pisi isə nəticənin  daha  çox  məhv olmuş, sonlanmış həyatlardan ibarət olması idi.  “ Bu son nəticə mənim də başımdadır, görəsən?! ”  Bu sual məni çox düşündürürdü.  Tez-tez özümdə olmadan fikrə dalırdım.  Taxta qapılı, balaca evimiz gözümdə canlanırdı.   Babamın “ oğlum,  gəl dərslərini oxu… ”- deyə tez-tez təkrarladığı səslər  qulağımdadır. Budur, əyilib alnımdan öpüb : “ dərslərini yaxşı oxu,  axı sən oxuyub, həkim olub babanı sağaldacaqsan. ”- deyib  gülümsədiyi səhnədir bu. Bəs, anam, atam?! Onlarla bağlı heç  nəyi niyə xatırlamıram?! Yəqin onları çox körpə ikən itirdiyimə görədir.  Bu düşüncələrlə, bu minvalla gözlərim yumulur. Hərarət olduqca yüksəkdir.  Nə qədər zaman keçdiyini bilmirəm. Göz qapaqlarımın üzərində ağırlıq var sanki,  güclə qaldırmaq istəyirəm. Cəhdlərim baş tutmur, heyf.  Həyat bu qədər mi qısadır?! Yaşadıqlarımı və yaşayamadıqlarımı sığdıra bilməyəcəyim qədər qısadır. Həkimlik həyatımda xilas etdiyim canlarla birgə, bitdiyinin şahidi olduğum həyatlar da çox oldu. Və maraqlıdır ki, sağaldığına heyfslənən  xəstə yaxınlarını da gördüm, öldüyü üçün az qala toy-bayram edənləri də. Ölənlərin arxasından kinayəli gülənləri də gördüm, onu həyata qaytrarmağın mümkün olduğunu bilsə  öz canından keçməyi düşünənləri  də.  Fani olduğu qədər həm də maraqlıdır həyat. Bəs, mənim alnıma hansı yazı yazılmışdı?  Bu talelərdən han ı mənə qismət olacaqdı ?

Cavab verə bilməsəm də ətrafəmda məni həyata döndürməyə çalışan  hərəkəti hiss edirdim. Gözlərim tavana dikilmişdi. Otağın bir anda işıqlandığını hiss etdim. Tavandan bir sızartı işıq mənə doğru uzanırdı. Sanki bütün ağrılarım, acılarım, ağırlığımı məndən alıb aparırdı. Özümü quş qanadında  nağıllar aləminə səyahət  etmiş kimi yüngül, rahat və xoşbəxt hiss edirdim. Lap balacalığımdakı kimi. Uzaqdan arxası mənə dönük bir ağartı gördüm. Getdikcə ona yaxınlaşırdım.  Ətraf insanın zövqünü oxşayan rəngarən çiçəklərlə, yaşıllıqla, səs-səsə verib cəh-cəh vuran quşlarla, şırıltı səsi ilə mənzərəni daha gözəl bir hala çevirən bulaqlarla dolu idi. Bu yerin günəşi heç vaxt qürub etmirdi. Bilmədiyim, tanımadığım o ağartıya yaxınlaşanda mənə sarı döndü. Gördüklərimə inana bilmirdim. “ Baba, bu sənsən?” Sadəcə gülümsəyirdi, həmişə olduğu kimi.  Əlini uzadıb saçlarıma toxundu. Barmaqlarını hər saç telimdə tək-tək gəzdirdi. Mənzərə çox gözəl idi.  Allahın “ boyları bir biri ilə yarışan və sıx ağaclı bağçalar ” ayəsində bəhs etdiyi ağaclar bu olsa gərək. Müşk dağlarının, müşk təpələrinin altından başlayan dupduru çayların şırıltısı insanı bihuş edir. Doğulub böyüdüyüm kəndimizin bumbuz axan gur sularını, bulaqlarını xatırladır mənə. İlk cənnətim kəndimiz idi, görəsən?! Burnumdan sızıb ciyərlərimə axan xoş təravətli qoxu tanışdır mənə. Ovuclarımdan çox erkən bir quş tək uçub gedən anamın qoxsudur bu. Cənnəti ruhuna necə sığdırmışdın, anacan?! Gözqamaşdırıcı rənglərə bürünmüş meyvələrlə əhatələnmiş bu yerlər bənzərsiz və ucsuz-bucaqsızdır. Mən bu fövqəladə yerdə daimi qalasıyammı bəs?! Gedərək babamın işıl-işıl yanan nur damlaları arasında gözdən itdiyini gördüm.

Birdən-birə qaranlıq çökdü hər yerə. Ayaq dırnaqlarımdan kirpik uclarıma kimi bütün bədənimdə daimi və  fasiləsiz bir sızıltı var idi.  Hər nəfəs alışımda sanki köksümdən aslanmış dibək daşı mənə mane olurdu. Qulaqlarımdakı çınlamalar kəsilmirdi heç. Bir neçə gün sonra babamın barmaq uclarından aldığım şəfadan olsa gərək, ötən əzab dolu günlərlə müqayisədə ağrılarım  daha da zəifləmişdi. Günlər keçdikcə daha rahat nəfəs alırdım. Başımdakı şiddətli ağrılardan demək olar ki, əsər-əlamət  qalmamışdı. Təkcə dilimdəki quruluq narahat edirdi məni.  Qeyri-ixtiyari bir bir şəkildə  “su… su…”- deyə pıçıldadım. Zərif bir əl boynumdan tutub başımı köksünə dayayaraq məni dikəltdi. Digər əlində tutduğu su dolu stəkanı mənə tərəf uzatdı. Yava-yavaş gözlərimi açdım. Yarıaçıq gözlərimin önünü örtən kirpiklərimin arasından  gördüyüm mənzərə dəmir barmaqlıqlar arxasında dayanan iki sevdalını xatırlatdı mənə. Oxuduğum romanların, izlədiyim filmlərin baş qəhrəmanının təsvir olunan badamı gözlərindən, ceyran baxışlarından, qönçə dodaqlarından, al yanaqlarından, sünbülü saçlarından daha gözəl idi mənim yarım. Heç dəyişilməmişdi. Eynilə məktəb illərində buraxdığım kimi idi.  İllər əvvəl bir-birindən uzaq düşmüş iki uşağın illər sonra eyni peşəyə sahib iki gənc olaraq eyni məkanda qarşılaşması da baş tutarmış həyatda. Bu qarşılaşma bəlkə də yarım qalmış bir sevdanın davam etməsi üçün bir işarədir. Mənim bacaramadığımı o gözəl –sevdiyim nigarım, həmkarım Zərifə yerinə yetirmişdi. Həm uşaqlıq arzusuna çatmış, birlikdə oynadığımız oyunlardaki həkim obrazına yiyələnmiş, həm də qurduğumuz xəyallardaki ailənin digər üzvünü-məni tapmağı vəzifə kimi üstlənmiş və buna nail olmuşdu. Zərifənin əlindən içdiyim təkcə saf su deyildi., həm də yaralarımı sağaldacaq dərdimə məlhəm idi.

Mən dünyanın gah “Qaranlıqlar diyarına” səyahət edərkən, gah “Cənnətin qapıları” ardında gur səsli bulaqlarından axan bumbuz sularının bir musiqi tək zövq oxşayan şırıltısını heyranlıqla dinləyərkən, bihuşedici mənzərənin seyrinə dalarkən, gah da ölüm-qalım arasında mübarizə apararkən, həyatda qalmaq arzusu ilə yanıb-tutuşarkən həmkarlarım məni və digər xəstəlikdən əziyyət çəkənləri xilas edəcək işıq yolunu tapmışdılar artıq. Aylarla davam edən quzğun qartal tək başımızın üstünə çökmüş qara buludların dağılacağı gün gəlib çatmışdı. Həkimlərimizin əldə etdiyi bu böyük nəaliyyətin ümidləndirici xəbəri tezliklə bütün şəhərə yayıldı. Bu dəfə xəstəxanaya axın edən, növbə gözləyən insanların məqsədi başqa idi. Əllərində gül-çiçək dəstələri ilə geniş bir kütlə təşkil edən nənə-babalarımız, oğul-qızlarımız həkimlərə təşəkkür edərək  sevinc hislərini virusdan qorunmaq üçün istifadə etdikləri maskaları göyə ataraq bildirirdilər. Böyükdən kiçiyə hər kəsin məsum üzündə aylar öncə gül tək solan təbəssüm yenidən açılmış qönçə kimi özünü büruzə verirdi.  Şəhərdə yaranmış durğunluq artıq səs-küylə əvəzedilmişdi. Hər şey öz qaydasında, axarınca gedirdi. Lakin gülüşü yarım qalmış, ürəyinin yarısını itirmiş, qol-qanadı qırılmış , həyata küskün insanlar da çox idi. Çünki kimisi həyatının gənc çağında ölüm acısını dadmış doğmasınıı, əzizini itirmiş, kimisi də həyata doymamış, oğul-qız mürvəti görməmiş valideynindən əbədi ayrılmalı olmuşdu. Ən çox qayğıya ehtiyac duyduğu vaxtda heç nə dərk etmədən anasını axtaran balaca qızcığaza əslində onun can parəsinin qara torpaq altında olduğunu övlad ağrısı ilə qıvranan nənə balasının əmanətinə necə izah edəcəkdi? Bu yara qəlblərdə sonsuzadək dərin sızıltı ilə qalacaq, kövrələrək anılacaqdı.

Mən isə öz həmdəmimə, yarıma qovuşduğum üçün və qorxulu günləri geridə qoyduğumuza görə çox xoşbəxt idim. Həddi-hüdudu olmayan, yerə-göyə sığdıra bilmədiyim sevgimi Zərifə ilə paylaşaraq, onunla qoşa addımlayacağımıza söz verdiyim ömür yolunda ilk addımlarımı atdım. Onunla birgə keçirdiyim acılı-şirinli izlərlə, xatirələrlə dolu illər mənə keçmişdə yaşadığım bütün ağrı-əzabları unutdurdu. Çünki başıma nə gəlirsə gəlsin həyatda sağ qalmaq və yaşamaq gözəldir.

Hə… Mənim əziz nəvələrim! Bu dinlədiyiniz nə  “Bərnidaş şəhərinin sirri”, nə  “Yazıya pozu yoxdur”, nə də “Zəmanənin hökmü” nağıllarına bənzəyər. Çünki bu “Oxumaq əngəl tanımaz”, “Nisgilli həyat”, “Fani dünya”, “Şərəfli peşə”, “Xoşbəxt son” başlıqları da verə biləcəyimiz Arifin  keçirdiyi mənalı həyat yolunun və zəmanənin gündəmi ilə bağlı balaca bir hekayətdir, alın yazısıdır.

Türkay Məmmədli,

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanında Elmi-Metodiki Mərkəzin əməkdaşı

Daha çox xəbərlər