Hikmət Hacıyev: “Rəsmi İrəvan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”
ARANTV.AZ xəbər verir ki, “Əgər Ermənistandakı yeni hökumət sivil dövlət qurmaq, əhalisini layiqli həyatla təmin etmək niyyətindədirsə, rəsmi İrəvan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə dərc olunan nüfuzlu “Euractiv” qəzetində müsahibəsində belə deyib.
Çoxşaxəli, beynəlxalq əməkdaşlığı dəstəkləyən Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu təşkilat üçün beynəlxalq sülh və təhlükəsizlik prioritet mövzulardır. Bunu “Euractiv”in baş redaktoru Georgi Qotevə müsahibəsində bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri təyin edilmiş Hikmət Hacıyev deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Hikmət Hacıyev bildirib ki, əgər Ermənistandakı yeni hökumət sivil dövlət qurmaq, əhalisini layiqli həyatla təmin etmək niyyətindədirsə, rəsmi İrəvan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, BMT Təhükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Azərbaycanın işğal altındakı ərazilərindən qoşunlarını çıxarmalıdır. Bundan əlavə, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, ədalət bərpa olunmalıdır. Ədalət olmadan sülhü təmin etmək mümkün deyil. Ermənistan qonşu ölkələrlə sülh şəraitində yaşamağı öyrənməlidir. O, hərbi təcavüzü, ərazi iddialarını və öz-özünü təcrid etməyi dayandırmalıdır. Yalnız bundan sonra hərbi riskləri aradan qaldırmaq, işğalla əsaslanan status-kvonu dəyişdirmək olar. Nəticədə münaqişənin siyasi yolla həllinə imkan yaranar. Hikmət Hacıyev xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər bu münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinə ehtiyac olduğunu hətta prezidentlər səviyyəsində dəfələrlə vurğulayıblar. Ermənistandakı yeni hökumətdən də bunu gözləyirik. Onlar əvvəlki hərbi xunta rejiminin səhvlərini təkrarlamamalıdır. Bu ilin sentyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası əsnasında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub. Nəticədə Azərbaycan konstruktiv mövqeyini, münaqişənin danışıqlar yolu ilə həllində qətiyyətini bir daha nümayiş etdirib. Atəşkəs rejiminin gücləndirilməsi, aşağı səviyyələrdə kommunikasiyanın yaradılması, danışıqlara dair öhdəliklərin təmin edilməsi ilə bağlı şifahi razılıq əldə olunub.Sitatın sonu. Administrasiya rəsmisi deyib ki, Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür, qeyri-qanuni fəaliyyətlər həyata keçirir. Bununla o, işğal əsaslanan status-kvonu möhkənləndirməyə çalışır. Rəsmi Bakıda xüsusilə, ciddi narahatlıq yaradan məsələ Suriya ermənilərinin işğal altındakı ərazilərdə məskunlaşdırılması, bu ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsidir. Humanitar hüquqa və Cenevrə Konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət qadağandır. İşğal altındakı ərazilərdə mineral sərvətlərin istismarı və onların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrinə qeyri-şəffaf şəkildə ixrac edilməsi də ciddi narahatlıq yaradır. Bununla yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının əsrlərlə mövcud olan mədəni irsini məhv edir. Onlardan bəzilərinin bərpası artıq mümkün deyil. Hikmət Hacıyev Bakının 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini də bildirib. Beynəlxalq sülh və təhlükəsizlik məsələləri Qoşulmama Hərəkatının gündəmində olan prioritet mövzulardır.

