Sosial 

Həmrəyliyimizin zəfər çələngi

Vətən müharibəsinin qələbə ilə başa çatması müasir Azərbaycan tarixinin parlaq səhifəsi olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsinə böyük töhfə verdi. 20 Yanvar 1990-cı il faciəsindən üzü bəri ilk dəfədir ki, dekabrın 31-ni – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qələbə sevinci ilə qarşılayırıq

Doğma Azərbaycanımızı  özünə tarixi Vətən bilən və  dünya durduqca ulu əcdadlarımızdan bizə  miras qalan  yurdumuzun var olmasına cavabdehlik  hissi daşıyaraq qürbətdə yaşayan soydaşlarımızın həmrəylik nümayiş etdirməsi olduqca qürurverici haldır. Qarabağın işğaldan azad  edilməsi üçün Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün hansı ölkədə yaşamasından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlı vahid amal uğrunda birləşərək əlindən gələn hər şeyi etməyə çalışdı. Əlbəttə, bu, ilk növbədə dövrün tələbi, zamanın çağırışı, digər tərəfdən vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, diaspor və lobbi quruculuğu yönümündə ölkə rəhbərinin sistemli iş aparmasının nəticəsidir.

Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlətin xüsusi diqqət göstərməsi məhz ümummilli lider Heydər Əliyevin  uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Bildiyimiz kimi,  uzun bir dövr Azərbaycan vətəndaşları Vətəndən uzaqda başqa ölkələrdə məskunlaşmış soydaşlarımızla görüşmək, onlarla əlaqə yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları buna imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı  da öz həmvətənləri ilə əlaqə yaratmaq üçün səylərini artırdı. O illəri  xatırlayanlar yaxşı bilirlər ki, məşhur “Berlin divarı”nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycanda, həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birilərinə sevgilərini bildirdilər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası  isə 1989-cu il dekabrın axırlarında Naxçıvan başda olmaqla Azərbaycanın cənub bölgəsində sərhədlərin dağılması zamanı qoyuldu. O vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

Xatırlatmaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 1991-ci ildə 31 dekabr tarixinin respublikada Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Təcrübəli dövlət xadimi çox yaxşı bilirdi ki,  mütərəqqi ideyalar olmadan insanları konkret məqsədlər ətrafında səfərbər etmək mümkün deyil. Məhz Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra  müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır. 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub.  O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də bayram kimi tanıyırlar. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvoluna  çevrildi. Ümummilli Lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı – Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. 36 ölkədən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın  iştirak etdiyi  həmin qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.

2002-ci ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlıları birliyinin yaranmasına və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü mütərəqqi həmrəylik ideyaları bu gün  ictimai şüurda daha da möhkəmlənmiş, yeni dövrün tələblərinə uyğun zənginləşdirilmiş, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilmişdir. Son 17 il ərzində respublikamızın beynəlxalq mövqelərini gücləndirən Prezident İlham Əliyevin rəhbərliyi altında diaspor və lobbi quruculuğu yönümündə  həyata keçirilən tədbirlər dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etməyə, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olunmuşdur.  Prezident kimi xalqımıza ləyaqətlə xidmət edən dövlətimizin başçısı, Ali Baş Komandan öz çıxışlarında  bugünkü Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandıraraq  qeyd etmişdir ki,  Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır. “Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək.”

2020 – ci ilin bu son günləri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  ərəfəsində hamımızın iftixar və böyük qürur keçirdiyimiz  8 Noyabr Zəfər Günü sevincini bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevin rəhbərli altında müzəffər Azərbaycan Ordusudur. Xalqımız və  dünyada yaşayan soydaşlarımız Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanın yürütdüyü siyasətə öz dəstəyini ifadə etdi. Milli  həmrəyliyimiz doğma Azərbaycanımızın ayrılmaz guşəsi olan Qarabağa öz  möhtəşəm töhfəsini bəxş etdi. Bəli,  bu gün Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşan QƏLƏBƏ sevincini   müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə birlikdə yaşayırıq.

Son 28 ildə ilk dəfə  ümummilli birliyin, həmrəyliyin rəmzi  olan 31 dekabrı  qalib Azərbaycanın  vətəndaşları olaraq qeyd edirik.

Bu əlamətdar bayram günü ürəklərində vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız böyük ruh yüksəkliyi ilə  xoş duyğular keçirir.

…Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edirik, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi,  qazilərimizi, hazırda azad Qarabağımızda xidmətdə olan hərbçilərimizi bir daha ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətəninin keşiyində ayıq-sayıq durmağı və bütün dünya azərbaycanlılarına yeni-yeni uğurlar arzulayırıq.

Nurəddin Muğanlı, “İki sahil”

Daha çox xəbərlər