Sosial 

Üç döyüşçü qardaş

Abşeron rayonunun Qobu qəsəbə sakinləri Arzu və Eminağa Bağmanovlar ailəsi Qarabağın azadlığı uğrunda gedən müharibəyə üç oğul yola salıb. Səməd, Orxan və Əhəd. Səməd sentyabrın 28-də orduya çağırılıb və Ağcabədidən başlayan döyüş yolu Qubadlıda  və Laçında davam edib. Xatırladaq ki, o, üç il əvvəl hərbi xidmətdə olub. 44 günlük müharibəyə də könüllü getmək istəyib və səfərbərlik yolu ilə arzusuna çatıb. Düşmənin müqəddəs torpağımızdan çıxarılmasında igidlik  nümayiş etdirib. Laçında gedən şiddətli döyüşlərdən birində yaxınlığında top mərmisi partlayıb. Partlayışın təsirindən kontuziya alıb, qəlpələr əllərini və ayaqlarını yaralayıb. Əsgər yoldaşları onu huşsuz vəziyyətdə sanitar hissəsinə çatdırıblar, ilkin tibbi yardımdan sonra hospitala aparıblar. Həkimlər onu təhlükəli vəziyyətdən çıxarıblar. İndi yaraları qaysaqlasa da, kontuziyadan hələlik əziyyət çəkir. Ancaq həkimlərin səyi və qayğısı ilə o da bərpa olunacaqdır.  Səməd təvazökarlıq edərək döyüşlərdə göstərdiyi qoçaqlıqlardan çox da danışmır. Nadir hallarda kimsə öz sualları ilə onun “dilini açır.” Qorxmaz döyüşçümüz deyir ki, nə mən, nə də əsgər yoldaşlarım düşmənin bütün hücumları qarşısında bir addım da olsa geri çəkilmədik. Qorxu bizə yad idi, fərəhlənirdik ki, tədbirli, qayğıkeş Ali Baş Komandanımız və əzmkar xalqımız bizim arxamızda dağ kimi dayanıblar və biz öz dədə-baba torpaqlarımızı murdar erməni quldurlarından xilas edirik, haqq bizim tərəfimizdədir. Bu amillər bizə əlavə güc verirdi. Ona görə də düşmənin başına od yağdırdıq, onu qaçmağa məcbur etdik.

Qardaşlardan digəri-Orxan da müharibənin ilk günlərindən ən qaynar cəbhələrdə  döyüşüb. Cəbrayılın azad olunması uğrunda gedən qanlı vuruşmalarda fərqlənib. Orxan bildirib ki, betonlaşdırılmış səngərlərdə gizlənən və inadlı müqavimət göstərən ermənilər elə zənn edirdilər ki, alınmaz yerdədirlər və biz oraları keçə bilmərik. Amma düşünmədilər ki, Azərbaycan əsgərinin əzmi ən möhkəm səngərlərdən də möhkəmdir.

Sıravi əsgər Orxan Bağmanov hələlik orduda xidmətini davam etdirir. Kiçik qardaş Əhəd isə bir ildən artıqdır ki, əsgəri borcunu yerinə yetirməkdədir. O, daxili qoşunların “N” saylı hərbi hissəsində xidmət edir. Əgər lazım gələrsə döyüşə hazır olduğunu söyləyir.

Ailənin ağsaqqalı Eminağa sürücü, Arzu xanım isə evdar qadındır. Oğullarından söz düşəndə fərəhlə danışıb deyirlər ki, oğul Vətən üçündür. Biz fəxr edirik ki, döyüşçülər valideyniyik. Onlara görə hörmətimiz hamının yanında bir qədər də artıb. Bu isə ürəyimizi qürur hissi ilə doldurur. Evimizdə yeddi və altı yaşlı daha iki əsgər böyüyür, balaca Məlik və Eminağanın o günlərini görməyi arzu edirik.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər