Səfir: “2018-ci il Azərbaycan ilə Belarus arasında münasibətlər baxımından əlamətdar olub”
ARANTV.AZ xəbər verir ki, 2018-ci il Azərbaycan ilə Belarus arasında münasibətlər baxımından əlamətdar olub. Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında belə deyib.
Azərbaycan-Belarus münasibətlərinin səviyyəsinin yüksək olmasını iki ölkə arasında yüksək səviyyəli səfərlərin statistikası da göstərir. 2018-ci ilin ilk 10 ayı ərzində 30 yaxın ikitərəfli yüksək səfər təşkil edilib. Bu il Prezident İlham Əliyevin Belarusa səfəri zamanı ölkələrimiz arasında qarşılıqlı əlaqələrin başlıca istiqamətini müəyyənləşdirən 10-a yaxın sənəd imzalanıb. Hər iki ölkənin rəhbərləri ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verirlər. Səfir vurğuladı ki, 2018-ci ildə Azərbaycan və Belarus beynəlxalq aləmdə bir-birini fəal dəstəkləyiblər. Sitat: “Azərbaycanın dostcasına dəstəyi Belarus üçün çox vacibdir. Buna görə biz Azərbaycan tərəfə təşəkkür edirik”. Diplomat onu da dedi ki, Azərbaycanla-Belarus arasında ticarət dövriyyəsinin həcmi ilin ilk 10 ayı ərzində 400 milyon dollar təşkil edib.
Belarus investisiyası ilə Pirallahı sənaye parkının ərazisində GDP standartlarına uyğun onkoloji preparatların istehsalını nəzərdə tutan müəssisənin isə 2019-cu uildə istifadəyə verilməsi nəzərdə tutulur. Səfir həmçinin qeyd etdi ki, Azərbaycanla Belarus arasında hərbi sahədə əməkdaşlıq da dərinləşməkdə davam edəcək.

