Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
ARANTV.AZ xəbər verir ki, “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasi” hazırlanıb. Nazirlər Kabinetinin iclasında strategiyanın razılaşdırılmış layihəsinin dövlət başçısı tərəfindən təsdiqlənməsi üçün təqdim olunması qərara alınıb.
Nazirlər Kabinetinin növbəti iclasının gündəliyinə iki məsələ -“Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyasi”nın layihəsinin müzakirəsi” və “İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat” daxil edilmişdi. Baş nazir Novruz Məmmədov ötən müddətdə ölkəmizin böyük inkişaf yolu keçdiyini dedi. Dövlət başçısının müəyyənləşdirdiyi strateji xəttə əsaslanaraq dayanıqlı inkişafın təmin olunması məqsədilə adekvat addımların atıldığını, kompleks islahatların həyata keçirilməsi ilə makroiqtisadi sabitliyə nail olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını, sahibkarlığın inkişaf etdiyini, qeyri-neft ixracının artdığını qeyd etdi. Bütün bu uğurların əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərdiyi diqqətə çatdırıldı. Baş nazir bildirdi ki, müasir dünya üçün aktual olan kibercinayətkarlığın artması, BMT-nin hesabatına əsasən hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olması faktı dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəszilik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini zəruri edir. Sonra aidiyyatı nazirliklərin məruzələri dinlənildi. Hər iki məsələ ətrafında müzakirələr aparıldı. “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsinin Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsi üçün təqdim olunması, ikinci məsələ üzrə isə Nazirlər Kabineti Sərəncamının layihəsi hazırlanması qərara alındı.

