Sosial 

İqlim dəyişmələri günümüzün acı reallığıdır

BMT qlobal iqlim dəyişikliyini bütün insanlıq üçün ciddi təhlükə adlandırır

Önümüzdəki illərdə iqlim dəyişiklikləri bəşəriyyətin ən ümdə problemlərindən birinə çevriləcək. Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasına görə, cari ilin fevral ayında Şimali Amerika və Rusiyada havanın temperaturu son 30 ildə qeydə alınandan xeyli aşağı, Arktika, Afrikanın şimal-qərbi, Avropanın cənubu və Çində isə ortalamadan xeyli yüksək olub. Əlbəttə, qeyd edilən bu statistik göstəricilər qlobal iqlim dəyişmələrinin nəticələridir.

Temperatur artdıqca dağıdıcı təbii fəlakətlərin sayı artır. Buzlaqların əriməsi adaları və sahil əraziləri məhv olma təhlükəsi ilə üz -üzə qoyur. Məsələn, amerikalı alimlər Antarktidada buzlaqların əriməsinin Nyu- York və Şanxay kimi sahil şəhərlərinin mövcudluğunu təhdid edə biləcəyindən narahat olduqlarını bildiriblər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) da həyəcan təbili çalır. Təşkilat iqlim dəyişikliyini bütün insanlıq üçün ciddi təhlükə adlandırır. Problem ətraf mühitə ziyan vurmaqla yanaşı, siyasi, iqtisadi və sosial sistemləri də pozur.

Ümumiyyətlə, son zamanlar alimlər Antarktidadakı buzlaqların əriməsi səbəbindən yaxınlaşan fəlakətdən danışırlar. Tədqiqatçılar qeyd edirlər ki, planetdə temperatur artdıqca Arktikanın buzları əriməyə başlayır. İşin təhlükəli tərəfi ondadır ki, bu ərazidə o qədər buz var ki, qlobal istiləşmə nəticəsində onların əriməsi dəniz səviyyəsinin 60 metr yüksəlməsinə səbəb ola bilər.

Phys.org saytında dərc olunan məqalədə deyilir: “Artıq bu problemin ilk əlamətlərini görürük”. Ekspertlər vurğulayırlar ki, bir neçə onillikdə buzlaqların əriməsi ilə bağlı vəziyyət nəzarətdən çıxa bilər. Bəzi mütəxəssislər bədbin düşünürlər. Onların qənaətinə görə bəşəriyyətin bu qlobal problemi, xüsusən də istixana qazlarının azaldılması və texnoloji tərəqqinin digər təsirlərini aradan qaldırmaq səyləri gözlənilən fəlakətin qarşısını ala bilməyəcək. Xatırladaq ki, elm adamları, istixana qazı tullantılarının mövcud nisbətini nəzərə alaraq, Antarktidadakı buz təbəqəsinin təxminən 2060 -cı ilə qədər kritik ərimə səviyyəsinə çatacağını proqnozlaşdırırlar.

Ötən ilin aprel ayında beynəlxalq alimlər qrupu iqlim fəlakətinin ilk qurbanlarının kimlər olacağını söyləmişdi. Mütəxəssislərin fikrincə, hadisələrin mənfi istiqamətdə inkişafı halında okean ekosistemi cari onillikdə artıq dağılacaq.

Aparılan hesablamalar göstərir ki, son yarım əsrdə Antarktidanın cənub-qərbində havanın temperaturu 2,5 dərəcə artıb. 2002-ci ildə Antarktida yarımadasının buz şelfindən sahəsi 3250 kvadrat kilometr parça qopub. 2017-ci ildə isə sahəsi ötən dəfəkindən 2 dəfə böyük aysberq- buz parçası ayrılıb. Sonuncunun çəkisi təxminən 1 trilyon ton ağırlığında idi. Alimlərin qənaətinə görə, XX əsrin 50-ci illəri ilə müqayisədə Antarktidanın buz sahəsi 2 dəfə kiçilib. Mütəxəssislərin proqnozlarına görə, 2100-cü ilə qədər havanın temperaturu 5 dərəcə artacaq və dünyanın bir çox yerlərində dəhşətli nəticələrə səbəb olacaq. Almaniyanın Potsdam Universitetinin iqlim dəyişmələrini öyrənən alimləri bildirirlər ki, son 3 milyon il ərzində atmosferdə karbon qazının konsentrasiyası maksimum həddə çatıb.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnqer  Andersen bildirir ki, artıq iqlim dəyişmələri günümüzün acı reallığıdır. Ümumiyyətlə, alimlər iqlim dəyişkənliyinin səbəbi kimi 4 faktoru əsas gətirirlər. Bunlar Günəşin səthində baş verən kosmik proseslər, dünyanın astronomik hərəkətləri, vulkan püskürmələri və tektonik proseslərdir.

Milli və beynəlxalq arenada tanınan heç bir qrum qlobal iqlim dəyişikliyində insan faktorunu inkar etmir. Ətraf mühitə laqeyd münasibət sui-qəsdə bərabər hərəkətdir. Planeti qorumaq və təbiətin qayğısına qalmaq hər birimizin borcudur.

Daha çox xəbərlər