Gündəm 

Ermənistanı soyuq və qaranlıq qış gözləyir

Sülh sazişinin imzalanmasını bütün bəhanələrlə ləngidən ermənilər hazırda bütün sahələrdə dərin böhran içərisindədirlər. Enerji böhranı bu çətinliyin əsas səbəblərindən biri sayılır. Qarabağın əsl sahiblərinin qayıdışından sonra Ermənistan bu bölgədən oğurladığı enerjidən və qaçaq maldan məhrum olub. Dövlət qurumları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, ölkədəki elektrik kəsintilərini, qəza adı altında yaşayış məntəqələrinə günlərlə işıq verilməməsini gizlətmək mümkün deyil. Erməni ekspertlərin fikrincə, Ermənistanın istifadə etdiyi elektrik enerjisinin 20 faizindən çoxunu Qarabağdan verilən enerji təşkil edirmiş. Belə ki, Azərbaycan erməni işğalı altında olan torpaqları azad etdikdən sonra Qarabağda olan 36 elektrik stansiyasından 30-u Bakının nəzarətinə keçib. Qeyd etmək lazımdır ki, işğal dövründə bu stansiyalar nəinki bütün zəbt olunmuş ərazini enerji ilə təmin edib, hətta Ermənistanın da enerji təchizatında iştirak edib. Hesablamalara görə, işğal olunmuş Qarabağdakı su qovşaqlarından Ermənistana 300 meqaVatt enerji ötürülürmüş ki, bu da ölkənin özündə istehsal olunan enerjidən xeyli ucuz başa gəlirmiş.

Qeyd edək ki, ölkənin ən iri enerji istehsalçısı olan Razdan istilik elektrik stansiyasında da beşinci blokun işinin dayandırılması səbəbindən ümumi hasilat təqribən yarıya qədər azalıb. İqtisadçılar enerji böhranının əsas səbəblərindən biri kimi həm də istifadə müddəti çoxdan bitmiş və qəza vəziyyətində olan Metsamor atom elektrik stansiyasının təmirə bağlanmasını göstərirlər. Belə ki, ölkənin 40 faizini elektrik enerjisi ilə təmin edən Mtsamor cari ilin may ayından təmirə dayandırılıb. Lakin təmir işlərinin bu ayın sonuna qədər tamamlanacağı planlaşdırılsa da, AES rəhbərliyi görülməli işlərin daha çox olduğunu və stansiyanın modernləşdirilməsi üçün daha çox vaxt lazım olacağını bəyan edib. Bu, o qədər də gözlənilməz olmayıb. Belə ki, Ermənistan AES-i artıq istismar müddətini çoxdan başa vurub və hazırda bütün region üçün təhlükə kəsb edir. Bundan başqa, Ermənistanın özündəki SES-lərin böyük əksəriyyəti də ciddi quraqlıq, çaylarda su səviyyəsinin kəskin azalması ilə əlaqədar məhsuldarlıqlarını 60 faizdən çox itiriblər.

Ermənistan artıq Rusiyaya müraciət edərək ölkə ərazisində daha bir AES-in inşa edilməsini xahiş edib. Lakin “Rosatom” bu məsələnin məqsədəuyğun olmadığını anlayaraq layihədən kənarda qalıb. Belə görünür ki, müxtəlif özəl şirkətlərin marağına rəğmən təqribən 5-7 milyard dollarlıq yeni AES layihəsi erməni xalqının diqqətini yayındırmaq üçün elə söhbət səviyyəsində də qalacaq.

Əslində müharibədən sonrakı dövrdə energetika sahəsində əməkdaşlıq üçün yeni reallıqlar açılıb. Azərbaycan özünü tam olaraq enerji ilə təmin edərək qonşu ölkələrə, hətta Aİ ölkələrinə, konkret olaraq Bolqarıstana da elektrik enerjisi satır. Belə ki, Energetika Nazirliyinin məlumatına görə, ölkədə cari ilin yanvar-avqust aylarında elektrik enerjisi istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 milyard kilovattsaat artaraq 18,6 koloVattsaat təşkil edib. Məlumatda qeyd olunur ki, həmin dövr ərzində elektrik enerjisi ixracı 142 milyon kiloVattsaat artaraq 971,9 milyon kiloVattsaat təşkil edib.

Bu məqamda Ermənistanın yaxın müttəfiqi olan İranda da yaşanan enerji böhranını qeyd etmək yerinə düşər. Belə ki, cari ilin yayında İran son illər görünməmiş enerji çatışmazlığı ilə üz-üzə qalıb. Bu, ölkədə əhalinin enerjinin tez-tez kəsilməsi ilə bağlı kütləvi nümayişlərinə səbəb olub. Belə bir vəziyyətdə Ermənistanın bu qonşusunun haraya gələcəyini gözləməyinə dəyməz. Göründüyü kimi, Ermənistanın enerji sektorunda xarici ölkələrdən asılılığının yüksək olması, iqtisadi imkanlarının zəif olması və zəruri maliyyə resurslarının çatışmazlığı enerji böhranının qarşısını almağa imkan vermir. Ona görə də Ermənistanda cari ildə enerji böhranı davam edəcəkdir və yeni qiymət artımlarının baş vermə ehtimalları çoxdur. Azərbaycan isə regionda faktiki olaraq yeganə ökədir ki, Ermənistana enerji böhranından çıxmaqda yardım edə bilər. Bunun üçün Yerevan Bakı ilə əməkdaşlığa münasibətdə daha konstruktiv mövqe nümayiş etdirməlidir. Əks təqdirdə, Ermənistanı soyuq və qaranlıq qış gözləyir.

Daha çox xəbərlər