“Sizin yanınıza döyüş yolunuzla gəlmişik”
Reportaj
Ötən ilin oktyabrına kimi bu tərəflərdə dan yeri belə sökülmürdü, qaranlıqlar belə ərimirdi, səhərlər belə açılmırdı.
Ötən ilin mayında səngərdə əsgərlərlə söhbətləşirdim. O zaman bir daha əmin olmuşdum ki, səngərdə vaxtından-vədəsindən, məqamından asılı olmayaraq nə haqda düşünürsən-düşün, sonra gözucu da olsa göy üzünə baxırsan. Az sonra sağında-solunda baxışları baxışlarına sarılanları görürsən. Var səsinlə qışqırmaq istəyirsən: Sən qalib gələcəksən, Azərbaycan əsgəri!..
Polkovnik Pərviz İbrahimovun dediklərini Şuşa həsrətinin ruhi-mənəvi düsturu bilirəm: “Şuşanı görməyənlər də Şuşanın həsrəti ilə yaşayıb. Yaşı Şuşanın işğalından kiçik olanların da ruhunun yönü Şuşaya sarı olub. Zabit kimi döyüşmək, Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi Şuşanın Qoşa Qala qapısının ağzında bir anlığa ayaq saxlamaq mənim taleyimin ən yaddaqalan günlərindən biri kimi son nəfəsiməcən yaddaşımdan üzülməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “…Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” fikrini Şuşa həsrətimizin məlhəmi bilirəm…”, – deyir.
Şuşalı əsgər Vahid Vətən müharibəsi başlanana kimi tərxis edilmişdi. Görəsən döyüşlərdə o da iştirak edibmi, Şuşanı döyüşçü kimi görə bilibmi?
“Vətən müharibəsində Şuşanın beş-altı addımlığında” döyüşürdük. Şuşa uğrunda döyüşənləri artilleriya atəşi ilə dəstəkləyirdik. Döyüşlərin gərginliyindən kimsə “Şuşanın dağları”nı oxumadı. Bu oxumanı noyabrın 9-da eşitdik. Adını unutduğum əsgər oxudu. O oxumanı ruhumuzun laylayı bildik…”, – zabit Abdulla Əliyev belə deyir…
Mayor Alim Qasımzadə Şuşalı söhbətimizi Vətən müharibəsində televiziyadan izlədiyi bir süjetdə bir döyüşçünün dedikləriylə davam etdirir;
–Ad-soyadını unutduğum döyüşçü demişdi: “Daşaltıdaydıq. Düşmən bir qədər geri çəkilsə də çarəsiz müqavimət göstərirdi. Döyüşürdük. Şuşaya çatmaq üçün döyüşürdük. Şuşanın dağları görünəndə döyüşçülərimizin döyüş əzmi də, qələbə ruhu da kükrədi…”. Yəni, Şuşanın dağları müqəddəs məkanın yolgöstərəni kimi sevilib. Döyüşçünün dediklərini hərbçi kimi dinləsəm də ona xəyalən vətəndaş kimi təşəkkür elədim…
Zəfər günü Şuşaya ad oldu. Görəsən həmin gün Şuşanın dağlarında “Şuşanın dağları” oxunubmu?!
Bir neçə il əvvəl təmas xəttində yerləşən hərbi hissələrin birində əsgər anası demişdi: “Bir oğlum hərbi xidmətini başa vurub, bir oğlum əsgərdi. Ali Baş Komandan əmr verəndə döyüşlərdə bizim ailədən üç döyüşçü iştirak edəcək: iki oğlum, bir də ataları. Mən tibb bacısıyam. Aparsalar, bu yaşımda mən də gedərəm…”, deyilənləri bütün əsgər analarının fikri bilmişdim. Bunların eyni, bənzəri olan gözəl kəlmələri Vətən müharibəsi başlayanda da eşidirdik. Şəhid oğlunun yun corabını, yun əlcəyini, boğaz şarfını döyüşçülərə göndərən ana onlara məktub da yazmışdı: “Hər birinizi oğluma qardaş bilirəm…”…
Füzulili Ana Zəfərdən sonra deyirdi ki, qarşıma çıxan ilk əsgəri şəhid oğluma əvəz köynəyimdən keçirəcəm. Belə kəlmələr, belə fikirlər Vətən müharibəsində döyüşçülərin döyüş əzminə, qələbə ruhuna sarılırdısa, indi işğaldan azad edilmiş torpaqlarımızda xidmət edən əsgərlərimizin hərbi xidmətinin haləsinə dönür…
İmişlidə yaşayan Birinci Qarabağ müharibəsi iştirakçısı Müşfiq Məhərrəmovun oğlu Şamil hərbi xidmətdəydi. Vətən müharibəsi başlayanda böyük qardaşları Kamil də, Tacivan da Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinə müraciət edib. İkisi də döyüşlərə cəlb olunub. Üç qardaşın üçü də döyüşüb, Zəfərdən sonra üçü də müxtəlif medallarla təltif edilib. Zabit Əli Əliyev əsgərlərə bu döyüşçü qardaşların döyüş yolu haqqında məlumat verərək deyir: “O günlərdə də hamı inanırdı ki, əks-hücum əməliyyatı kimi başlayan Vətən müharibəsi illər çəkən işğalı sonlandıracaq. Döyüşənlər xalqın dəstəyini hiss edirdi, duyurdu, görürdü.”
Zabit gizir Əsəd İsgəndərov Vətən müharibəsinin ilk gününü belə xatırladır.
–Vətən müharibəsi başlayanda bütün tay-tuşlarım kimi mən də döyüşlərə can atdım. İcazə vermədilər. 44 gün ruhən döyüşənlərin sırasında olduq, ruhən döyüşdük, ruhən yaralıları döyüşdən çıxartdıq. Hərbi xidmətə gedəcəyimiz günün həsrətini çəksək də, əmin idik ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək, biz işğaldan azad edilmiş ərazilərdə xidmət edəcəyik.”
“Hərbi xidmətə kimi döyüşçülərin döyüş əzmi haqqında çox eşitmişdik. Qəzetlərdə dərc edilən məqalələrdən də oxuyurduq, bu əzmin qələbə ruhunu televiziyadan da duyurduq. İnanırdıq ki, əsgərlərimiz Vətən müharibəsini qələbə ilə tamamlayacaq”, – gizir Ginyaz Əlipaşayev belə deyir. Bu gözəl fikirləri əsgər Səvan Məmmədov davam etdirir:
–Axşam düşüncə hamı qələbə ümidi ilə televiziyadan ölkə başçısının xalqa müraciətini gözləyirdi. Bu ümid həm də əminlik idi. Şuşanın həmin gün işğaldan azad edilməsi gününü biz də çox böyük coşqu ilə yaşadıq.
Gizir Alim İbrahimov əsgər yoldaşının fikrini hamımızın gözlədiyi və bəyəndiyi bir fikirlə davam etdirir:
–O gecə Bakıda küçələr insan yükünə darlıq edirdi. Təkcə Bakıdamı? Təkcə küçələrdəmi? Yox, milyonların ürəyinə sığmayan bu sevinc dünyaya da sığmazdı. Dünyanın azərbaycanlılar yaşayan bütün dövlətlərində 8 noyabr günü son illərin ən gözəl günü kimi yaşanıldı. Təkcə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə məhdudlaşmadığı üçün bu sevinc bəşəri sevinc idi. Dünyəvi dövlətlər gördü ki, Azərbaycan Ordusu dünyanı hədələyən ermənilik kimi təhlükəli bir terror şəbəkəsini necə darmadağın etdi, – deyirəm.
Çavuş Zamiq Əhmədov bu fikirlərin davamı kimi deyir ki, o gecə səhərə kimi xaricdə yaşayan qohumlarımız bizimlə əlaqə saxladılar. Biz küçədən evə qayıdandan sonra da onlar Azərbaycana sevgilərini Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun bayrağına döndərmişdilər.
“Şuşa işğaldan azad edilən gecə biz yaşda türklər də küçələr boyunca bizimlə qoşa addımlayırdılar. Bu sevinci bizimlə yan-yanaşı yaşayırdılar”, – baxışlarını qədərsiz qürur bürüyən gizir Şahin Poladzadə belə deyir. Zabit Əli Əliyev əsgərin qürurunun hardan qaynaqlandığını, bu qürurun bütövlükdə Türkiyəni əhatələdiyini bildirir, fikrinin təsdiqi kimi Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akarın Azərbaycanda səfərdə olanda dediyi kəlamları xatırladır: “Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”.
Əsgər Elnur Cabbarov Vətən müharibəsindən bir hadisəni yada salır:
–Əsgər Ziya Ziyayev döyüşdə yaralanıb. Hospitala təxliyə edilib. Yaraları ağır deyilmiş. Müalicə olunmalıymış. Əminliklə deyib ki, mən bu yaralarla da döyüşə bilərəm. Əsgər qətiyyətlə xahiş edib, həkimləri inandıra bilib. “Dostum Kamal döyüşdə şəhid oldu. Onun əvəzindən də döyüşməliyəm. Müharibə yaxın vaxtlarda qurtaracaq. Qələbə xəbərini burda deyil, şəhid dostlarımın da əvəzinə döyüşməklə döyüşdə eşitmək istəyirəm. Ziya Zəfər gününə kimi döyüşüb, medallarla təltif edilib. Yəni döyüş əzmi əsgərin qələbə ruhunu daha da yüksəldir.
Baş leytenanat Daşqın Quliyev Vətən müharibəsində döyüşlərdən əvvəl bir döyüşçünün döyüşçü yoldaşlarından istəyini xatırladır: “Şəhid olsam məni də özünüzlə aparın. İşğaldan azad edilmiş torpaqlarımızla heç olmazsa nəşim qovuşsun. Onda ruhum göynəməz…”
Bu istəyin mahiyyəti Türkiyənin Qurtuluş savaşında Şükrü paşanın istəyinin (vəsiyyətinin) mahiyyətinə nə qədər bənzəyir! Hər iki istək Vətən sevgisinin haləsidi, hər iki istək düşüncələrin mahiyyətinin doğmalığıdı. Şükrü paşa yazıbmış ki, “Düşmən sərhədlərimizi keçdikdən sonra ölsəm, məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş şəhid olsam, sabunum, kəfənim çantamdadır”. Bu kəlmələr müharibədə yazılıb, Vətənin qurtuluşu uğrunda gedən döyüşlərdə yazılıb; bu kəlmələr milli-xəlqi ruhdan süzülüb…
–Vətən müharibəsində iki qardaş, ata-oğul döyüşdüyünü, şəhid olduğunu eşitmişdim. Dönməz qələbə ruhu ilə döyüşən İman və Bəhram Məmmədzadə qardaşları da döyüşürmüş. Eyni hərbi hissədə, ayrı bölüklərdə. İkisi də cəsarəli, ikisi də qorxmaz. Xankəndi istiqamətində gedən döyüşlərdə eyni gündə ikisi də şəhid olub, – gizir Elvin Rəsulov belə deyir.
–Lerikdən olan iki qardaş – Altay və Elgün Mövlamov qardaşları da döyüşüb, Altay sentyabrın 30-da, Elgün oktyabrın 30-da şəhid olub, – əsgər Vüqar Quliyev belə deyir…
Zabit əsgərlərin dediklərini mənəvi-psixoloji hazırlığın tezislərinə müvafiq tamamlayır:
–Müharibə şəraitində, müharibədə döyüş əzmi yüksək olmayan ordu qalib gələ bilməz. Vətən müharibəsi başlayanda hamı onsuz da döyüş əzmi yüksək olan döyüşçülərin sırasında olmaq istəyirdi. İmanla Bəhram da, Altayla Elgün də belə bir əzmin, belə bir ruhun əsgəri olub. Zəfər o əzmin, o ruhun çiyinlərindən yüksəldi…
Əsgərlərin xatırlatmasını bir gerçəkliyin ifadəsi bilirik: Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!..
Rəşid Faxralı

