Siyasət 

Ceyhun Bayramov: “Ermənistan delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermir” – YENİLƏNİB

18 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ann Linde bu ilin 16 noyabr tarixində Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.

Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. Belə ki, 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir, bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan ordusunun mövqelərini davamlı şəkildə atəşə tutması qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.

Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov, məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.

Telefon danışığı zamanı nazirlər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

14:32

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Ann Linde “Twitter” səhifəsində yazıb.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – ATƏT sədri bildirib.

Daha çox xəbərlər