Manset 

Sosial sahədə atılan addımlar ilk növbədə Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə 16 növ sosial müavinət və təqaüd artırılıb. Sosial müavinətlərin artımı 577 min nəfəri əhatə edəcək. Qeyd olunan müavinət və təqaüdlərin bu il aprelin 1-dən artırılması nəzərdə tutulur. Bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

Azərbaycan Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müavinətlərdə və Prezidentin aylıq təqaüdlərində əhəmiyyətli artımlar edilib. 16 növ sosial müavinət və təqaüd artırılıb. Bu artım 577 min vətəndaşı əhatə edəcək. Sərəncamla sosial müavinətin məbləğinin:

yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata,

I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata,

II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata,

III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata,

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata,

ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata,

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata,

müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata,

beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata,

dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata,

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 121 manatdan 150 manata çatdırılacaq.

Sərəncam Azərbaycan Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Belə ki, Sərəncamda:

I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdünün təsis edilməsi,

müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdünün təsis edilməsi yer də alıb.

Sərəncam dövlət başçısının daha bir humanist təşəbbüsünün nəticəsi olmaqla, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərin ardıcıl xarakter aldığını göstərir. Sənəddə bu məqsədlə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdünün təsis edilməsi üçün də normativ hüquqi aktların layihələrinin on beş gün müddətində hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılır. Qeyd olunan müavinət və təqaüdlərin bu il aprelin 1-dən artırılması nəzərdə tutulur. Bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

Ümumilikdə, Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki nitqində də qeyd olunduğu kimi, Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradır və Prezident ilk növbədə bu vəsaitləri məhz sosial sferaya yönəldilməsini təmin edir. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. Bu addımlar dövlət başçısı tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda onun reallaşdırılması prosesi gedir. 2019-cu il əhalinin sosial müdafiəsi baxımından fərqlənən il olacaq. Əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq. 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata artırılıb. Bu il 6-7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək.

Bu il şəhid ailələrinə 800 mənzil veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Minimum pensiyaların məbləği 38 faiz qaldırılaraq 116 manatdan 160 manata çatdırıldı. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq. 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı problemə son qoyuldu. 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Prezident İlham Əliyev keçirdiyi müşavirədə Azərbaycanın problemli kreditlər məsələsini həll etməklə də ciddi nümunə göstərəcəyimni açıqladı. Bir sözlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Sosial siyasət inqilabi xarakter daşıyır və bu, ilk növbədə Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.

Daha çox xəbərlər