Əməkdaşlarımız şəhərdə qulaq falına çıxdılar – kimlər nə danışır?
Novruz bayramına sayılı günlər qalıb. Yüksək bayram əhval-ruhiyyəsində qeyd olunan Novruz bayramı öz adət-ənənələri ilə digər bayramlardan xüsusi seçilir.
Bu ənənələrdən biri də qulaq falıdır. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, demək, arzusu yerinə yetəcək, amma ürəkaçmayan sözlər eşitsə, arzusu bu il gerçəkləşməyəcək.
Biz də Musavat.com-un əməkdaşları olaraq şəhərdə insanların nə düşündüklərini öyrənmək, nədən danışdıqlarını dinləmək üçün arzu tutub şəhərə, qulaq falına çıxdıq.
Gəzintimiz zamanı müxtəlif ərazilərdə, müxtəlif təbəqələrdən olan insanların bir-birindən fərqli məsələlərdən danışdığına qulaq şahidi olduq.
Alış-veriş mərkəzlərinin qarşısında dayanan gənclərin dərdləri mağazalarda satılan paltarların baha olması idi. Bəziləri aldıqları təqaüdlərin belə yol və yemək pulunu güclə qarşıladığını və bu səbəbdən paltar almağa pullarının qalmadıqlarından şikayətlənirdilər. Bəziləri isə deyirdilər ki, bəlkə də brend malların istehsal edildiyi ölkədə yaşasaydılar, daha yaxşı geyinə bilərdilər.
Bir az kənarda söhbət edən gənclər isə Novruz bayramı ərəfəsində plan qurub, görüşmək istəsələr də, dərslərin çoxluğu və ağırlığından planlarının puç olduğuna görə heyifsilənirdilər.
Universitetlərə qəbul imtahanını verməyə hazırlaşan abituriyentlər də, sualların çətinliyi və dərs sistemindən narazılıq edirlər. Digər dövlət imtahanı verən tələbə və bakalavrlar da həmçinin…
Sonra bir az fərqlilik olsun deyə, təhsil müəssisələrinin yanında keçəndə müəllim və pedaqoqların nədən söhbət etdikləri marağımızı çəkdi. Lakin eşidilən o qədər də fərqli olmadı. Zəmanənin dəyişməsinə görə tələbələrin də dəyişməsindən gileylənən müəllimlər, dərslərin ağır və bəzi ixtisasların lazım olmadığı barədə söhbət edirdilər.
“Qulaq qonağı” olduğumuz bir mağazada isə satıcılar məhsullarını sata bilmədiklərindən gileylənirdilər.
Daha sonra uşaqların və böyüklərin ümumi toplandığı parklara baş çəkdik.
Uşaqların tək dərdi mağazada gördükləri şiriniyyatların, oyuncaqların onlara alınmaması idi. Bəzi uşaqlar isə evə getməmək üçün valideynlərindən parkda qalmağa “5 dəqiqə daha artıq vaxt” icazəsi istəyirdi.
Valideynlər isə elə bil bütün dünyanın yükünü götürmüş kimi evlərində, həyatlarında olan problemlərdən danışırdılar.
Ümumi mənzərədən sonra belə qənaətə gəldik. Yaxşı ki, arzu tutub şəhərə qulaq falına çıxmamışıq. Yoxsa? arzumuz ürəyimizdə qalardı.
Ümidvarıq bu problemlər aradan qalxar və insanlar qayğısız yaşayar. O zaman bizim də qulaq falı arzumuz çin olar…

