Novruz xalqımızın mədəniyyət hadisəsidir
Novruzun mənası məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüzdə Novruz milli bayram kimi qeyd olunur. Tarixi keçmişə baxdığımız zaman bu bayramın dərin mədəni köklərə bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində,İranda Novruz mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.Novruz bayramı UNESCO-un Qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və tarixdə bir daha öz toxunulmazlığını elan edib. Həmçinin bütün Şərqdə qeyd olunan Novruz bayramı 23 fevral 2010-cu ildə BMT Baş Asambleyasının 64-cu sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Novruz bayramının əsas simvolları papaq atmaq, tonqaldan tullanmaq, səməni əkmək, milli şirniyyatlar hazırlmaq, yumurta döyüşdürməkdir. Xalqımızın milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.Baharın gəlişindən xəbər verən çərşənbələr Novruz bayramının əsas simvollarındandır. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir. İlin axır çərşənbələrindən ikincisi isə od çərşənbəsi adlanır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
Ümümmilli lider, Heydər Əliyev hakimiyyətə gəldiyi dövrlərdən Azəbaycanın milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşmış, Sovet dövründə qadağan olunmuş bu bayramın yenidən xalqımız tərəfindən geniş və təntənəli keçirilməsinə şərait yaratmışdır. Bayram tədbirlərində etdiyi çıxışlarında Novruz bayramının əhəmiyyətindən danışan Ulu öndər neçə-neçə nəsillərin adət və ənənələrimizə sahib çıxmağına, daha dərindən mənimsəməyinə nail olmuşdur. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, bir il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik…”- deyən Heydər Əliyevin siyasi irsininin layiqli davamçısı, müzəffər ordumuzun qalib sərkərdəsi,Ali Baş Komandanı İlham Əliyev Ulu öndərimizin və bütövlükdə Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi və 2021-ci ildə Novruz tonqalını işğaldan azad olunmuş Şuşada,2022-ci ildə Suqovuşanda qalayaraq bu bayramı bir daha gözəlləşdirdi.
Gündüz Alıkişiyev,
YAP Tərtər Rayon Təşkilatı əməkdaş

