Xoş gəldin, Şəhri Ramazan!
Müsahibimiz Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Hacı Ağasəid Yaqubovdur
– Hacı, bu gündən 11 ayın sultanı müqəddəs Ramazan ayı başlayır…
Ramazan ayı İslamdan öncə də müqəddəs və şərəfli ay hesab edilirdi. İslamdan öncəki peyğəmbərlər də bu ayı müqəddəs bilərək fərzlərini həyata keçiriblər. İslamiyyətin 2-ci ilində artıq Ramazanın 1 ay boyunca oruc tutulması, Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində vacib olaraq buyuruldu. Müqəddəs qəbul olunan bu ay özündə çox böyük ilahi ayinləri və ayətləri cəmləşdirib. Bəşəriyyətin xilası olan Qurani-Kərim Ramazan ayında nazil olmuşdur. Qurani-Kərimdə Allah belə buyurur: “Ramazan ayı elə bir aydır ki, o ayda Quran nazil olmuşdur.” Burada Quran və Ramazan ayı bir-biriləri ilə vəhdət təşkil etdikləri üçün hər ikisi də müqəddəs hesab edilmişdir.
– Rəcəb və Şaban ayları haqqında məlumat verməyinizi istərdik. Bu ayları Ramazana hazırlıq kimi qəbul etmək olarmı?
Qurani-Kərimdə dörd ay ehtiramlı aylar hesab olunur. Bu aylarda insanlar sülh, əmin-amanlıq içərisində yaşamalıdırlar. Bu aylar Rəcəb, Zilhiccə, Məhərrəm aylarıdır. Bu aylar ona görə müqəddəs hesab olunurlar ki, həmin aylarda müharibələr dayandırılır və Həcc ziyarəti üçün hazırlıqlar başlayırdı. Demək olar ki, sülhün başlanğıcı da Rəcəb ayındandır. Rəcəb ayından sonra Şaban, sonra Ramazan, Şəvval, Zilqəddə və Zilhiccə ayları gəlir. Rəcəb ayı Məhəmməd Peyğəmbərin hədislərində də möhtərəm ay kimi zikr olunur. Peyğəmbərimizin meracı zamanı Allah onunla minlərlə kəlmə kəsmişdir. O hədislərin içərisində qeyd olunmuşdur ki, Rəcəb Allahın ayı, Şaban isə Peyğəmbərin, Ramazan isə ümmətin ayı kimi buyurulur. Rəcəbdə edilən ibadətlər Allaha xatirdir. Şaban ayında Peyğəmbər həm oruc tutardı, həm Ramazana hazırlaşardı, həm də Ramazanın xütbəsini verərdi. Şabaniyə xütbəsində qeyd olunur ki, artıq sizi qarşılamaq üçün Allahın bərəkətli, rəhmətli ayı gəlmişdir. Ona görə də deyirlər ki, Ramazan ayının əvvəli rəhmət, ortası məxfirət, sonu isə bağışlanmaq, qurtuluş deməkdir. Peyğəmbərimiz buyurur ki, nə bədbəxtdir o insan ki, Ramazan başlayandan bitənə kimi bağışlanmaya.
– Hacı, ümumiyyətlə, İslam aləmində qidalanma mədəniyyəti çox geniş bir anlayışdır. Xüsusilə biz bunu Ramazan ayında müşahidə edirik. Siz necə düşünürsüz, oruc tutan insanlar iftarlarını açdıqları zaman hansı səhvlərə yol verirlər?
Təbii ki, oruc tutan zaman insanlar bəzən yalnışlığa yol verirlər. Bəzən də insanlar qorxurlar ki, mən axşama qədər necə ac, susuz qalacam? Birdən bu çətinliyə dözə bilmərəm. Ona görə də nə gəldi yeyə bilirlər, yedikləri qidaları çox qarışdırırlar. Məsələn, Hərzəti Əlinin Ramazanda qidası quru çörək, bir stəkan su, bir az duz, bəzən isə bir neçə xurma idi. Unutmayaq ki, biz insanlar bu sadaladıqlarımızdan gün ərzində qat-qat artığını qəbul edirik. Ona görə bir daha qeyd etmək istəyirəm ki, Peyğəmbərimizin və onun səhabələrinin yaşayış modeli insanlıq üçün böyük nümunədir. Onu qeyd edim ki, istər imsakda, istərsə də iftarda nə qədər çox qida qəbul etsək fiziki olaraq ona təlabatımız bir o qədər də artır. Yəni, özümüzü tox hiss edənə qədər yesək kifayətdir. Bununla bağlı olaraq Həzrəti Məhəmməd Peyğəmbərin belə bir ölçü tutumu var idi ki, əgər bir insan 3 gün rahat oruc tuta bilirsə deməli, onun buna iradəsi var, canı sağlamdır və bir ay orucunu rahat şəkildə tuta bilər. Yəni , 3 gün sınaq müddətidir. Orucluğun əvvəllərində isə ac qalmaq insanlara nisbətən çətin gələ bilər. Ancaq əgər sağlamlığımız tam icazə verirsə, sadəcə halsızlıq varsa iradəmizə və nəfsimizə qalib gələrək orucumuza davam etməliyik. Çünki vaxt keçdikcə bədənimiz ruhumuza tabe olacaq və orucu daha rahat tutacağıq. Ona görə də oruc tutmaq iradəmizə, nəfsimizə qalib gəlmənin ən böyük göstəricisi hesab olunur.
– Bəzən olur ki, insanlar səhərlər imsaka oyanmadan elə günə oruc tutmağa başlayırlar. Səhər erkən saatlarda imsaka oyanma nə qədər vacibdir?
İmsak sübh azanından əvvəl müəyyənləşmiş vaxtdır. Fəcr vaxtıdır. Yəni, günəşin şöləsinin ilk saçıldığı vaxtdır. O zaman insan niyyət etməlidir ki, mən sabaha oruc olaraq qalxacağam. Birinci növbədə oruca niyyət edə bilmək üçün imsaka oyanmalıyıq. İkinci növbədə, Həzrəti Peyğəmbər buyurur ki, həqiqətən də Allahın göydə olan mələkləri yer aləmində imsaka duran insanlar üçün dua edirlər. Oruc tutan insana xidmət edənlər belə mələklərin dualarını alırlar. Ona görə də imsaka oyanmaq insanlar üçün böyük bir nemətdir və bunu əldən verməməlidirlər. Yatmağı özünə rahatlıq bilənlər üçün deyim ki, bunun heç bir fəziləti yoxdur. Doğrudur, imsaka oyanmaq vacib olaraq buyurulmur, amma üstünlükləri o qədər çoxdur ki, insanlar bu nemətlərdən yararlansalar yaxşı olar.
– Hacı, bəzi insanlar da var ki, səhhətlərində müəyyən problemlər olsa belə inadla oruc tuturlar. Bəziləri isə müxtəlif bəhanələr gətirərək orucdan imtina edirlər. Bəs, bir müsəlman necə müəyyən edə bilər ki, ona oruc tutmaq olar ya olmaz?
İlk növbədə insan yetkinlik yaşına çatmalıdır ki, oruc tuta bilsin. Peyğəmbərimizin dövründən oruc tuta bilmək üçün minimum yaş 9, kişilərdə isə 14 qeyd olunsa da biz bu məsələdə sıxıntıya düşməməliyik. Bu, birmənalı olaraq vacib deyil ki, həmin yaşlarda uşaqlar İslam qayda-qanunlarına əməl etsinlər. Yuxarıda qeyd edilən yaşlardan aşağı insanlar uşaq hesab olunurlar və onların heç bir məcburiyyətləri yoxdur. Ümumiyyətlə, İslam şəriəti uşaqlara hökm etmir, onları bir mələk olaraq qəbul edirlər. Fiziki baxımdan insanın vəziyyəti tam uyğundursa, sağlamdırsa o, oruc tuta bilər. Bundan başqa, insan ağıl sahibi olmalıdır. Ağıldan kəm olan insanın ibadəti vacib deyildir. Müsəlman olmalıdır. Səfər müddəti olmamalıdır. Yəni, həftədə 3 gün və ya ayda 10 gün səfərdə olan adam həmişəsəfər hesab olunur və ona oruc tutmaq olmaz. Ancaq orucluq zamanı hansısa bir gündə səfərdə olmusunuzsa bu zaman daha sonra o günlərin qəzalarını tutmaq vacibdir. Yaşlı insanların, hamilə qadınların səhhətləri ilə bağlı oruc tutmaları vacib sayılmır. Bu Ramazandan o biri Ramazana qədər insanın vəziyyəti oruc tutmağa uyğun deyilsə, sağlamlığında problemlər varsa oruc tutmaq onun boynundan götürülür. Bunun əvəzində isə o, fidyə verəcəkdir. Yəni, keçən ildən bu ilə qədər insan xəstə olubsa və bu il də xəstəlik davam edirsə, onda indiki Ramazanda hər gün bir nəfərin doya biləcəyi qədər fidyə çıxarmaq lazımdır evdən. Bu, pul da ola bilər, qida olaraq da həyata keçirilə bilər.
– Ramazan ayında müsəlmanları ən çox düşündürən və narahat edən məsələlərdən biri də orucu batil edən əməllərdir. Bu əməllərə nələr daxildir?
Orucu batil edən əməllər sırasında təbii ki, birinci yerdə yemək və içmək gəlir. İnsan tozanaq bir yerdə olarsa, iş zamanı buna fikir verməzsə, o toz insanın boğazına dolarsa bu, orucu batil edər. İnsanın nəfsi, istəkləri ilə bağlı prorseslər, qadın-kişi münasibətləri, Allahın adına yalan danışmaq, haqq sözləri bilərəkdən yalnış demək orucu batil edir. Bəzən insanlar təmizlik məsələlərini özlərinə dərd edirlər. Məsələn, dişləri yumaq. Oruc tutan zaman dişləri yumaq olar, ancaq diqqət etmək lazımdır ki, su boğaza getməsin. Ətirlərdən istifadə etmək də həmçinin. Ətir istifadə etmək olar. Sadəcə olaraq ağır qoxu insan səhhətinə təsir edə bilər deyə çox istifadə etməmək məsləhətdir.
Nilufər Mustafaqızı, “İki sahil”

