İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsi və ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı.
1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Sağlam və etibarlı təməl üzərində qurulan hər bir dövlət uzun müddətli inkişaf prespektivi qazanmış olur. Bu baxımdan Azərbaycan dövlətinin də gələcəyi sağlam və etibarlı təməl üzərində qurulmuşdur. Bu təməllərin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu amillər də dövlətimizin moderinləşməsi, güclənməsi və iqtisadiyyatımızın inkişafına şərait yaratmışdır. Ulu Öndərin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Ölkə başçısının iqtisadi sahədə yürütdüyü siyasət regionlararası əlaqələri inkişaf etdirməkdir. Onun “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” adlı ilk fərmanı da məhz regionlararası iqtisadi inkişafa xidmət edirdi. Məqsəd və vəzifələrin çoxcəhətliliyi ilə diqqəti cəlb edən bu fərmanda regionların iqtisadi və sosial inkişaf sahələri öz əksini tapmışdır.
İlham Əliyevin apardığı siyasət nəticəsində təhsil və səhiyyə sahələri nəinki paytaxtda, eyni zamanda ətraf bölgələrdə də sürətlə inkişaf etmişdir. Bununla əlaqədar olaraaq paytaxtla yanaşı ətraf bölgələrdə də müasir idman obyektləri istifadəyə verilmişdir. Bu obyektlərin istifadəyə verilməsi əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə işsizlik səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enmişdir.
2003-2018-ci illərdə Azərbaycan sürətlə inkişaf edən ölkələr siyahısına düşdü. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 1,4 dəfə çoxaldı. Azərbaycan valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdı. Formun “inkluziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu
2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.Xatırladaq ki, uzunluğu 690 kilometr olan Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəmərilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.
Bundan əlavə, ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa Qonşuluq Siyasətinə qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 2008-ci ildə Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirlməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaratdı. Həmin Sərəncama müvafiq olaraq aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su cəmiyyəti “Azərsu” Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı şəhər İcra Hakimiyyətinin “Bakıkanalizasiya” İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir.
Bundan əlavə, 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də təsadüfi olmamışdır. Belə ki, “Bakı-2015” ilk Avropa Oyunları idman tarixində yeni maraqlı səhifə açmışdır. Bu, həmçinin növbəti Oyunlara bələdçi hadisə olmuş və Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşdirilmişdir. Çox qısa müddətdə yüksək səviyyədə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə Olimpiya Hərəkatına verilən dəyərin təzahürü olmuşdur. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olmuşdur. Tarixdə ilk dəfə Azərbaycanda keçirilmiş birinci Avropa Oyunları uğurlu olmuş və ölkəmizin idman tarixində şanlı səhifə olmaqla yanaşı, bu mühüm tədbir Avropanın idman tarixində də layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalmış, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevrilmişdir.
Bununla yanaşı, Azərbaycan artıq istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. 2017-ci ilin may ayında Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etmişdir. İki il ərzində hər iki mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.
Ümumiyyətlə, Birinci Avropa Oyunları zamanı Azərbaycan 56 medal qazanaraq ikinci olmuşdur. Bundan sonra, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanılmışdır ki, Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdə olmuşdur. Nəhayət, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları yarışları birinci pillədə başa vuraraq hamıdan çox – 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazandılar. Bundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə dair rəsmi qərarın qəbul edilməsi də məhz bütün bu nailiyyətlərin təcəssümüdür.
Tarixə nəzər salsaq görərik ki, ötən illərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sırasında yer alır. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
2025-ci ilin aprel ayında Azərbaycanda növbəti Prezident seçkilərinin baş tutması gözlənilir. Azərbaycan Konstitusiyasına görə, eyni şəxs limitsiz sayda prezident vəzifəsində ola bilər.
YAP Göyçay rayon təşkilatının fəalı : Lalə Mehdizadə

