Cənab İlham Əliyev xalqın sevgisini, etimadını, dəstəyini qazanmış Prezidentdir.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Demokratik,şəffaf, azad, şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqı cənab İlham Əliyevə səs veməklə ,görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu da seçkilərin tam olaraq xalqımızın iradəsini, fikirlərini əks etdiyini bir daha nümayiş etdirir.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərini yüzlərlə yerli və beynəlxalq müşahidəçi izləyib və onların hər biri seçkinin azad ,demokratik, ədalətli və şəffaf şəkildə keçdiyini bəyan edirlər.
2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan xalqı dayanır. Dövlətimizin başçısı nə edirsə , nə sərəncam , fərman imzalayırsa hər biri xalqın rifahının yüksəlməsinə, xalqın daha yaxşı yaşamasına istiqamətlənir. Bunun bariz nümunəsi olaraq 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Bu dövrlərdə Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yuxarıda qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.
Dövlətimizin başçısı hakimiyyəti dövründə hər zaman Azad sahibkarlığa diqqət göstərib, Onlara yaşıl işıq yandırmışdır. 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.
15 il ərzində iqtisadiyyatın neft-qaz sektoru xüsusi diqqət göstərilmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
15 il ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.Bu illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. 30-dan çox elektrik stansiyası tikilmişdir.
2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır. 2003-2018-ci illər ərzində dörd böyük su anbarı tikilmişdir.
Prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. 2003-2018-ci illərdə Azərbaycan böyük idman uğurları əldə etmişdir. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar.
2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi də adlandırmaq olar. Ulu öndərimiz Heydər Əliyevin möhtəşəm siyasi kursunu layiqli şəkildə davam etdirən cənab İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirdi, Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar oldu. Dövlətimizin başçısı hər zaman orduya , ordu quruculuğuna şəxsən xüsusi diqqət və qayğı göstərib .Cənab İlham Əliyevin hakimiyyət illəri eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.
Aprel döyüşləri eyni zamanda 27 sentyabrda başlanmış və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin başlanğıcı oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Beləliklə ərazi bütövlüyümüzü təmin etməklə Dövlətmizin başçısı xalqa vermiş olduğu hər bir sözü, hər bir vədi yerinə yetirmiş oldu.
Cənab İlham Əliyev xalqın sevgisini, etimadını, dəstəyini qazanmış Prezidentdir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi xalqına xidmət edən, xalqının daha yaxşı yaşaması, ölkəsinin uğurlarının artması üçün çalışan Prezidenti var.
YAP Göyçay rayon təşkilatının əməkdaşı : Çingiz İbrahimov

