Gündəm 

Dövlət büdcəsi: Gəliri çox, xərci isə…

Ötən il dövlət büdcəsinin gəlirləri artıb, xərcləri isə azalıb. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında bildirilib ki, dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat və ya  təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çox, xərcləri isə 27 milyard 422,4 milyon manat və ya  təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 milyard 120,6 milyon manat) az olub.

Dövlət büdcəsinin xərcləri proqnozdan geri qalsa da əvvəlki illə müqayisədə çox olub.  Belə ki, 2021-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 588,4 milyon manatı və ya 60,5 faizi cari xərclərə, 8 milyard 635,2 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə, 2 milyard 198,8 milyon manatı və ya 8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Əvvəlki illə müqayisədə cari xərclər 68,5 milyon manat və ya 0,4 faiz azalsa da əsaslı xərclər 602 milyon və ya 7,5 faiz, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 472,6 milyon manat və ya 27,4 faiz çox olub. 2020-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 1,1 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,5 faiz-bənd artıb, cari xərclərin xüsusi çəkisi isə 2,6 faiz-bənd azalıb.

Həmçinin büdcə gəlirlərinin 8 milyard 529,2 milyon manatı və ya 32,3 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 343 milyon manatı və ya 16,5 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 350 milyon manatı və ya 43 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2 milyard 174,1 milyon manatı və ya 8,2 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşüb.

Nəticə etibarilə gəlirlərin proqnozdan çox, xərclərin isə az olması dövlət büdcəsinin kəsirinin azalmasına gətirib çıxarıb. Belə ki, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra edilməsi ilə yanaşı, xaricdən cəlb edilmiş kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (599,5 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 milyon manat) daxil olan vəsaitin bu istiqamətə yönəldilməsi fonunda dövlət büdcəsinin kəsiri  2 milyard 89,9 milyon manat azalaraq 1 milyard 26,1 milyon manat təşkil edib. Bu da kəsirin təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olması deməkdir.

Daha çox xəbərlər