Region Xəbərləri 

28 may Müstəqillik günü ilə əlaqədar olaraq bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa təşkil olunmuşdur.

Gənclərin İnkişafı və Kariyera Mərkəzinin də iştirakı ilə baş tutan tədbirdə Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxış edərək 28 may günü ilə bağlı geniş məlumat vermişdir. O qeyd etdi ki , Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.Azərbaycan Xalq cumhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi önəm verən Heydər Əliyev deyirdi: ”Biz ilk Demokratik Cumhuruyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial –rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya çıxış edərək bildirdi ki , 28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Nə Birinci Dünya müharibəsi, nə də ki, dünyanın hələ bölüşdürülməsi prosesi qutarmamışdı, dünyada sovet kabusu dolaşırdı. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu.
Gənclərin İnkişafı və Kariyera Mərkəzinin əməkdaşı Orxan Fəxrəddinov bildirdi ki , 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranənən son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yaranandə xalqın çağrışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
GKİM-in könüllü gənci Mehdizadə Vüsal çıxış edərək 28 may Müstəqillik günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Sonda ADR-in yaranması haqqında sənədli film nümayiş etdirildi.

Daha çox xəbərlər