Əsas səhifə 

Azərbaycan-Özbəkistan əlaqələri: Dünən, bu gün və …

Son zamanlar Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında münasibətlərdə  daha böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səslənən fikirlər və ortaq tarixə, mədəni irsə, eyni etnik kökə, dinə sahib iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi.

Əvvəla ondan başlayaq ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olub. 1930-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı bu Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

Azərbaycan və Özbəkistanı birləşdirən bir digər məqam isə SSRİ, xüsusilə bədnam Mixail Qorbaçovun hakimiyyəti dövründə onların müxtəlif sahələrdə ayrı-seçkiliklə, hətta soyqırımı siyasəti ilə qarşılaşması olub. Özbəkistanda törədilən Fərqanə hadisələri, həmçinin Azərbaycanda 20 Yanvar qırğını və Sumqayıt hadisələri Kremlin bu iki xalqa qarşı eyni dəst-xətti üzrə apardığı siyasətin nümunəsidir. Maraqlıdır ki, ümumiyyətlə, hər iki ölkədəki qırğınlarda ermənilərin rolu böyük olub. 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə Daşnaksütyun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə 3 gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Ermənilər bu qırğınların törədilməsində xüsusi fəallıq göstəriblər. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Sammitində və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb.

2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər.

Vurğulamaq lazımdır ki, rəsmi Daşkənd  artıq tarixin arxivinə göndərilmiş  Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.  BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixində səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnaməyə Özbəkistan lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Azərbaycan Prezidentinin və Özbəkistan Prezidentinin 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış Birgə Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun olaraq, ilk öncə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə həll olunmasının zərurəti öz əksini tapmışdır. Özbəkistan tərəfi, Müstəqil Dövlətlər Birliyinin sədri kimi dostluq, mehriban qonşuluq və qarşılıqlı etimad münasibətlərinin möhkəmləndirilməsinin, MDB məkanındakı mübahisələrin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha təsdiqləyir. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilmiş və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir.  Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bərpa və quruculuq prosesinə əməli dəstəyini ifadə edib. Aydındır ki, Azərbaycanın gücü də, imkanları da kifayətdir ki, bütün işləri özü reallaşdırsın, lakin Özbəkistan Prezidenti bu nəcib və mərd addımı ilə bir daha iradə nümayiş etdirərək Azərbaycan xalqının yanında olduğunu göstərdi.

Azərbaycanla Özbəkistan arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin əlaqələrinin inkişaf səviyyəsinə uyğun olaraq, AZƏRTAC ilə Özbəkistanın Milli İnformasiya Agentliyi – UzA əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. İkitərəfli əlaqələrin gücləndirilməsi barədə məsələlər bu il aprelin 4-də AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun UzA-nın baş direktorunun birinci müavini Sobir Şükürovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub. Danışıqlar əsnasında AZƏRTAC ilə UzA arasında beynəlxalq informasiya təşkilatları səviyyəsində qarşılıqlı dəstək, əməkdaşlıq müqaviləsinin imzalanması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk rəsmi səfərini məhz Özbəkistana etməsi təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də  xalqlarımızın qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir və iki ölkə arasında  münasibətlərin gələcək hərtərəfli inkişafının əsasını qoyur. Ölkələr arasında bütün mühüm sahələri əhatə edən 20-yə yaxın sənədin imzalanması, əlaqələrin inkişafını çox illər əvvəlcədən müəyyən edən birgə Bəyannamənin qəbul edilməsi bunu aydın nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında Strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsidir. Orada xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir.  İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də müstəsna xidmətləri olub. Qədirbilən özbək xalqı da bunu heç zaman unutmur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir. Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. Onun Şərəf Rəşidov və İslam Kərimovla dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inkişafının təməli olub.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri, Prezident Şavkat Mirziyoyevlə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin əməkdaşlığa əsaslanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. İki ölkə və xalqlar uzun zamandır münasibətlərin dərinləşməsini istəyirdilər, nəhayət bu gerçəkləşdi və liderlərin siyasi iradəsi prosesin bu yöndə davam edəcəyinə əminliyi artırır.

Daha çox xəbərlər