Maraqlı 

Varlılarımız üçün vertolyot almaq şansı – kim alıb hara uça bilər?

Azərbaycanda şəxsi helikopterə, təyyarəyə malik milyonçular olsa da, kimlikləri açıqlanmır…

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19 və 21 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək. İyulun 19-da keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 39 nəqliyyat vasitəsi, 21 iyulda təşkil olunacaq hərraca isə 3 helikopter çıxarılıb.

Marja xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus olan və buraxılış illəri 2005 və 2009 olan helikopterlərin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2″, digərləri isə istehsal tarixi 2005-ci il olan ”Airbus EC-155B1″ markalı helikopterlərdir. Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində – yəni cəmi 200  min manat beh ödəməklə hərracda iştirak edə bilərlər.

Helikopteri pulu olan fiziki şəxs ala bilərmi, yoxsa hansısa məhdudiyyətlər var? Almaqdan başqa, ölkə ərazisində uçuş icazəsi necə alınmalıdır?

Ekspertlər deyirlər ki, helikopteri alan şəxslər pilotlarla müqavilə bağlamalı, onları işə götürməli və bundan sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) müraciət etməklə uçuşlar üçün zəruri addımları atmalıdırlar. Azərbaycan Respublikasında mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə görə hava yollarının (traslarının) açılması barədə təkliflər onların açılmasında maraqlı olan hava məkanı istifadəçiləri tərəfindən hazırlanır. Beynəlxalq hava yollarının (traslarının) açılmasına dair irəli sürülən təkliflər Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılır. Bundan sonra helikopter və təyyarə sahibi istədiyi yerə uçub gedə bilər.

İndiki zamanda təyyarə, özəl jet, helikopter sahibi olmaq təəccüb doğurmur. Dünyada minlərlə özəl uçaq sahibi var. Avropada, Amerikada, Birləşmiş Ərəb Əmirliklərində, bir sözlə, dünyanın inkişaf etmiş ölkələrində kimsəni helikopter sahibi olmaqla təəccübləndirmək mümkün deyil. 30 ildən çoxdur ki, mülki aviasiya dünya üzrə milyonçuların, milyarderlərin diqqət mərkəzindədir.  Artıq 8-12 yerlik yığcam və qənaətcil biznes jetlər dəbdən düşüb. Dünyada ilk dəfə “Boeing” sərnişin təyyarəsi 1996-cı ildə özəl təyyarəyə çevrilib. “Boeing Business Jet” modeli, yəni VIP konfiqurasiyasında olan “Boeing-737″ o zamanlarda əlçatmaz görünürdü. Sonrakı 4-5 ildə bu sahədə inqilabi yeniliklər oldu. Qiyməti 280 milyon dollar olan, interyerin fərdi avadanlıqlarının qiyməti təxminən 20 milyon dolları aşan ”Boeing 747-8″ milyarderlərin ixtiyarına keçdi.  Bu təyyarə amerikan təyyarələrinin ən böyüyü və dünyanın ən uzun təyyarələrindən biridir. Bu təyyarə əvvəlcədən milyarderlər üçün hesablanmışdı: salonunda xüsusi panellər, kinoteatr, cakuzi kimi interyer avadanlıqları ilə təchiz olunub. Bu nəhəng təyyarənin alıcıları əvvəllər başqa, daha kiçik təyyarələrin sahibləri idi. “Boeing 747-8″ laynerini 4 milyarder alıb. Təyyarəni vaxtilə ”Çelsi” futbol komandasının sahibi olmuş Roman Abramoviç, Google-un qurucuları Larri Peyc və Sergey Brin alıblar. Digər milyarder adının açıqlanmasını istəməyib. Bu sinifdəki digər təyyarələrlə müqayisədə, 767 daha aşağı istismar xərclərinə malikdir. Bu təyyarənin sərnişin versiyası 375 sərnişin tutur. Maksimal uçuş məsafəsi 12 min 200 kilometrdir.

Bununla belə, müasir biznes təyyarələrinin ən dəbdəbəlisi “Airbus ACJ380″ sayılır. ”ACJ380″ o qədər genişdir ki, onun sahibi təyyarənin içərisində  istədiyini yarada bilər.

A380 Cabin | Airbus

“Airbus A380″ təyyarəsi record ölçülərə malikdir. Qiyməti 320 milyon dollardər. Bu ”uçan sarayı” Səudiyyə Ərəbistanından olan neft milyarderi şahzadə Alvalid bin Talal alıb. Bu 7 mərtəbəli binanın hündürlüyündə olan 4  mühərrikli geniş gövdəli bir təyyarədir. Onun qanadlarının sahəsi futbol meydanından bir qədər azdır. Baqaj bölməsində 70 avtomobil, sərnişin bölməsində isə 850 nəfərdən çox sərnişin yerləşə bilər. Layner yanacaq doldurmadan, maksimal 900 km/saat sürəti ilə, 15 min 200 kilometr məsafə qət edə bilər. Təyyarə onu üçüncü tərəfə icarəyə vermək üçün deyil, şəxsi istifadə üçün satın alınmırsa, onun sahibi daxili tərtibatda xəyallarından maksimum dərəcədə tətbiq etməyə çalışır. “Privateair” şirkətinin baş direktoru Qreq Tomasın sözlərinə görə, şirkətinin ən qeyri-adi interyeri Fars körfəzindən olan biznes təyyarələrinin alıcıları tərəfindən sifariş edilib. Belə ki, yerli kral sülalələrindən birinin nümayəndəsi təyyarənin xarici səthlərinə veb-kameraların, onun içərisində isə böyük bir monitorun quraşdırılmasını sifariş edib ki, uçuş zamanı buludların və göy qurşağının görüntüsündən zövq ala bilsin. Ancaq yenə də fərdi şəxslər tərəfindən belə nəhəng təyyarələrin alınması hələ də nadir haldır. Varlı müştərilər arasında ən çox populyar olan modellər, 10-20 arasında sərnişin salonu olan və 40-60 milyon dollar dəyərindəki təyyarələrdir.

Azərbaycanda şəxsi helikopteri, təyyarəsi olan milyonçular olsa da, geniş ictimaiyyətə onların kimlikləri haqda məlumat verilmir. Şəxsi uçaq sahibləri özləri də “göylə getmələrini” nümayiş etdirməkdən yayınırlar.

Daha çox xəbərlər