Qaxın meyvə bağlarından indiyədək 7,4 min tondan çox məhsul yığılıb
Qax rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 7 min 465 ton məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 12 min 16,2 hektardır. Bu bağların 10 min 186,9 hektarını fındıq bağları təşkil edir. İndiyədək bağlardan 2072 ton fındıq, 1158,8 ton şaftalı, 1135,8 ton alma, 852,3 ton armud, 481,8 ton badam, 454,8 ton gavalı, 268,8 ton gilas və digər meyvələr yığılıb. Xurma, nar, şabalıd, qoz yığımına isə hələlik başlanılmayıb.
İdarədən verilən məlumata görə, hazırda rayonda 152 hektar üzüm bağı var. İndiyədək bağlardan 540 tonadək məhsul yığılıb.

