Gündəm 

Vətənimiz uğrunda yaranan “Dəmir yumruq”

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı. Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar (Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir). Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

44 günlük Vətən müharibəsi Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalamışdır. 10 Noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Üçtərəfli Bəyanatda razılığın əldə olunmasına baxmayaraq, Ermənistan minalanmış xəritə və sxemləri təhvil verməkdən imtina edir və beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.

Öz məqsədini həyata keçirməyə çalışan Rusiya dəfələrlə Azərbaycana təzyiqlər göstərir və öz “sülhməramlı qoşunlarını” bölgəyə yerləşdirməyə çalışırdı. Təbii ki, bu istəyinə nail ola bilmədi. Lakin sonralar meydana çıxan bəzi sənədli faktlar göstərirdi ki, Rusiya tərəfindən Ermənistana hələ müharibənin qızğın zamanlarında müasir silahlar verilmiş və Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsinə şərait yaradılmışdır. Ümumiyyətlə, “işğalçı tərəfi silahlandırma prosesinin” 30 ilə yaxın bir zaman ərzində davam etdirilməsi Minsk Qrupunun sülhü təmin etmə missiyasını öz üzərinə götürmüş üzvlərindən biri kimi Rusiyanın hansı mövqedə durduğunu aydın şəkildə bəyan edirdi. Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə sadiqlik, böyük səbr və diplomatik şücaət nümayiş etdirmişdir. Hər zaman sülhə can atmış, Nəticədə, müharibə qaçınılmaz oldu və Azərbaycan öz əzəli torpaqlarını öz qanı-canı bahasına azad etdi.

Aynurə Mahmudova,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin Biologiya müəllimi,
YAP Xətai rayon təşkilatının İ.Orucova 21A ərazi partiya təşkilat sədri

Daha çox xəbərlər