Cəmiyyət 

Azadlığına qovuşmuş turizm incimiz – Suqovuşan

Murov dağının zirvəsindən xeyli aşağıda, ormanlar içində qürurla duran Suqovuşan qəsəbəsi elə gözəl bir təbii mənzərəyə malikdir ki, onu sözlə tam təsvir etmək mümkün deyil. Təkcə onu demək kifayətdir ki, qəsəbənin ərazisindəki mavi göl uca dağların qoynunda, yaşıl meşələrin əhatəsində bir zümrüdə bənzəyir. Sanki Murovdağın parlaq qaşıdır.

Burada əlli iki il əvvəl Tərtər çayının qarşısının kəsilməsi ilə yaradılmış dəryaça özündən on kilometrlələ aralıdakı torpaqlara can verir. Qəsəbə artıq turistik məkana çevrilməkdədir. Sərsəng su anbarının yaxınlığında olması, sağ tərəfindən ucalan Talış yüksəklikləri, bir yanından Kəlbəcərə, digər yanından Goranboya aparan yollar qəsəbənin strateji əhəmiyyətini xeyli artırır. Suqovuşan bizə həm də ona görə əzizdir ki, əvvəllər qəsəbənin müdafiəsində, sonra isə erməni işğalından azad edilməsində onlarla igidimiz mərdliklə döyüşərək həlak olub. İndi qəsəbənin girəcəyində ziyarətçiləri onların portretləri və tərcümeyi-halları yazılmış lövhələr qarşılayır. Bura gələnlər ilk növbədə Suqovuşan şəhidlərinin işıqlı ruhunu yad edir, qəhrəmanlıqları barədə ətraflı məlumat alırlar.

Suqovuşan həm də işğaldan azad olunan torpaqlarımızda yaradılan ilk turizm və idman oyunları mərkəzidir. Təbiət özü sanki burada sağlamlıq və idman kompleksi yaradıb. Xatırladaq ki, bu il mayın 6-da Suqovuşan dəryaçasında ilk idman tədbiri- avarçəkənlərin “Prezident Kuboku -2022”  beynəlxalq birinciliyi keçirildi.  Mina təhlükəsinin hələ tam sovuşmadığı bir zamanda yarışları seyr etmək istəyən idman həvəskarlarının sayı on minlərlə idi. Həmin yarış ilin ən mötəbər yarışlarından biri oldu. Belə irimiqyaslı beynəlxalq tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Suqovuşanın ətrafında suyu buz kimi soyuq bulaqlar, florası və faunası zəngin meşələr, sərt dağlıq relyef, dadlı yabanı meyvə və giləmeyvələr var. Yəni, bu yerlər turist gəzintisinə gələnlər və istirahət edənlər üçün maraqlı məkandır. Suqovuşan yüksəkliklərindən baxanda qarşında yeni bir panorama açılır, aşağıda, uzaqlarda olan aran rayonları aydın görünür. Ayağı aran, başı dağ olan Suqovuşanın bir çox özəllikləri buranı başqa turizm məkanlarından tamamilə  fərqləndirir.

Bunlar isə burada gözəl bir turizm mərkəzinin yaradılmasını şərtləndirir və üstəlik də qonşu Naftalanda turizmin inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Belə ki, ötən il təməli  Prezident İlham Əliyev tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan və Goranboydan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir.

Əlbəttə, Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcək. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısamüddətli turist səfərlərinin təşkilini mümkün edəcəkdir.

Yaxşı olardı ki, bələdçilər buraya gəzintiyə və istirahətə gələnlərə Suqovuşanın otuz illik erməni əsarətində qalması və Azərbaycan Ordusunun düşməni necə qovması barədə ətraflı məlumat versinlər. Sinəsində “Suqovuşanın azad olunmasına görə” medalını gəzdirən igidlərimiz üçün isə bu qəsəbə dünyanın ən müqəddəs məkanlarından biri olacaqdır. Beləliklə, buraya gələn ziyarətçilər həm təbiətin gözəlliyini görəcək, həm də bu gözəllikləri düşməndən xilas edən qeyrətli oğullarımızın odlu-alovlu döyüş yollarından xəbər tutacaqlar.

Buyurun, gəlin, otuz il doğmalarına həsrət qalmış azad Suqovuşan yolunuzu gözləyir!

Daha çox xəbərlər