Gündəm 

İşğaldan azad edilən ərazilərdə postmünaqişə dövründə vəziyyət müxtəlif cür inkişaf edir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi uzunsürən ərazi münaqişələrindən biridir. XX əsrin əvvəllərindən başlayaraq radikal erməni millətçilərinin Qarabağ bölgəsini Azərbaycandan ayırmaq istiqamətində apardıqları məqsədyönlü fəaliyyəti nəticəsində yaranmış bu qarşıdurma keçən əsrin 80-ci illərində SSRİ-də elan edilmiş “yenidənqurma” siyasəti şəraitində yenidən gündəmə gətirilmiş və SSRİ-nin süqut etməsinə müəyyən qədər öz təsirini göstərmişdir.

Tarixi baxımdan bu münaqişənin kökləri Rusiya imperiyasının müstəmləkəçilik siyasəti ilə birbaşa bağlıdır. XIX əsrin əvvəllərində İran və Çar Rusiyası arasında aparılmış müharibələr nəticəsində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə ilhaq edildi. 1828-1829-cu illər rus-türk müharibəsi isə Çar Rusiyası və Osmanlı imperiyası arasında Ədirnə sülh müqaviləsi ilə yekunlaşdı. Çar Rusiyası İran və Osmanlı imperiyasından ehtiyatlandığına və yeni zəbt etdiyi Azərbaycanın şimal hissəsində mütləq əksəriyyət təşkil edən müsəlman əhaliyə inam bəsləmədiyinə görə tədricən bura təbii müttəfiq kimi bir sıra xristian xalqlarının nümayəndələrini (erməni, alman, polyak və s.) yerləşdirməyə başladı.

Rusiya imperiyası Azərbaycana köçürülmüş ermənilərə münasibətdə müxtəlif güzəşt və imtiyaz tətbiq edirdi, bu isə onların yerli əhaliyə nisbətən daha sürətlə varlanmasına səbəb olurdu. Çoxlu sayda erməni dövlət qurumlarında çalışırdı, müsəlmanlar isə dövlət və hərbi orqanlarda yox dərəcəsində idi. Bütün bu təzadlar siyasi, iqtisadi və s. sahələrdə ziddiyyətlərin artmasına gətirib çıxarır və gələcək qarşıdurma üçün əlverişli şərait yaradırdı. Münasibətlərin gərginləşməsinə təsir edən səbəblərdən biri də 1890-cı ildə Tiflisdə yaradılmış “Daşnaksutyun” partiyasının həm siyasi, həm də terror da daxil olmaqla hərbi sahədə apardığı fəaliyyəti ilə bağlıdır. Məhz bu partiyanın proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində aparılan siyasət nəticəsində daşnaklar planlı şəkildə azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədir, çoxlu sayda terror aktları təşkil edirdilər. 1905-1906-cı illərdə və 1918-ci ilin martında baş vermiş erməni-müsəlman qırğınları Qarabağ da daxil olmaqla, Azərbaycanın bir sıra bölgələrini əhatə etməklə minlərlə insanın ölümü ilə nəticələndi.

Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 1923-cü ilin iyulun 7-də qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekretə əsasən Azərbaycan SSR-in tərkib hissəsi kimi və mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağda muxtar vilayət yaradıldı. Şübhəsiz ki, Azərbaycan Sovet Sosialist Respublikasının  tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması radikal erməni millətçilərinin müəyyən dərəcədə öz məqsədlərinə çatması demək idi. Sonrakı illərdə Azərbaycan sovet hökumətinin DQMV üçün lazım olan bütün güzəştlərə getməsinə baxmayaraq, millətçilər gizli şəkildə təbliğat aparmaqla DQMV-ni Ermənistan Sovet Sosialist Respublikasına birləşdirmək istiqamətində fəaliyyət göstərirdilər. Ermənistan SSR DQMV-də yaşayan separatçı erməni azlığına davamlı şəkildə dəstək verirdi. 1945-ci ilin noyabrında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi H.Arutyunovun DQMV-nin Ermənistana birləşdirilməsi haqqında İosif Stalinə ünvanladığı müraciəti, 1964-cü ildə SSRİ Ali Sovetinin sədri A.İ.Mikoyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Nikita Xruşşova etdiyi təklifi, 1988-ci ilin fevralında Dağlıq Qarabağ Vilayət Sovetinin Azərbaycanın tərkibindən çıxaraq, Ermənistanın tərkibinə daxil olmaq haqqında qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Sovetinin “DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi” haqqında qərarı buna bariz misallardır. Bu kontekstdə 1991-ci il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ Respublikasının” (“DQR”) elan edilməsi və dekabrın 10-da burada “referendum” keçirilməsi Ermənistan SSR-in özünü münaqişə tərəfi kimi qələmə verməmək və Azərbaycanda baş verən hadisələrdə iştirak etmədiyini nümayiş etdirmək üçün atılmış bir addım idi. Buna cavab olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ilin noyabrın 23-də Dağlıq Qarabağ bölgəsinin muxtariyyət statusunu ləğv etdi. Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin ilk gündən bu problemə münasibətdə prinsipial mövqedən çıxış etməməsi, səhlənkarlıq və qətiyyətsizlik göstərməsi onun vaxtında qarşısının alınmasına imkan vermədi və 1991-ci ilin dekabrın 26-da SSRİ rəsmi olaraq süqut etdikdən sonra bu qarşıdurma müstəqilliklərini bərpa etmiş Azərbaycan və Ermənistan Respublikaları arasında dövlətlərarası münaqişəyə çevrildi.

Azərbaycan hökumətinin bir sıra beynəlxalq təşkilatlara (İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatrı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və s.) müraciət edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışmasına baxmayaraq, Ermənistan rəhbərliyinin və eləcə də qondarma “DQR” separatçılarının destruktiv siyasəti buna imkan vermədi və münaqişə eskalasiya mərhələsinə keçərək, müharibə ilə yekunlaşdı. Beləliklə, I Qarabağ müharibəsi (1992-1994-cü illər) nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə bir hissəsi (keçmiş DQMV və onunla qonşu olan yeddi inzibati rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən zəbt edildi. Hərbi əməliyyatlarda 20.000 azərbaycanlı şəhid oldu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edən və 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə (822, 853, 874 və 884) xüsusi olaraq vurğulanmalıdır. Qarabağ bölgəsinin Azərbaycan Respublikasına mənsub olmasını birmənalı şəkildə təsbit edən bu qətnamələrdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı dəstəklənmiş, ərazi ələ keçirilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi təsdiq edilmiş və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan Respublikasının ərazilərindən çıxarılması tələb edilmişdir. Lakin bu beynəlxalq hüquqi sənədlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan onları icra etməkdən boyun qaçırmış, beynəlxalq ictimaiyyət isə bu ölkəyə qarşı heç bir ciddi təzyiq tədbirləri görməmişdir. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və hərbi təcavüzü nəticəsində meydana çıxan münaqişənin nizamlanması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, təcavüzkara qarşı sanksiyaların tətbiq edilməməsi Ermənistanı şirnikləndirir, hətta işğalçı dövlətin müdafiə naziri “yeni torpaqlar uğrunda yeni müharibə” sözləri ilə Azərbaycanı hədələyirdi.

2020-ci il sentyabr ayının 27-də işğalçı Ermənistan silahlı qüvvələri növbəti dəfə daha geniş miqyasda Azərbaycan Ordusunun mövqeləri və təmas xətti boyunca yerləşmiş yaşayış məntəqələrinə qarşı hərbi təxribata əl atdılar. Onlar iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından həmin mövqeləri intensiv şəkildə atəşə tutdular. Nəticədə 44 günlük Vətən müharibəsi başlandı. Bu müharibənin gedişində məğlubedilməzliyi haqqında miflər quraşdırılmış Ermənistan ordusu məhv edildi. 44 gün ərzində döyüş meydanlarında əldə edilmiş uğurlar nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri, digər kənd və qəsəbələr işğaldan azad edildi. Böyük Zəfərin əldə edilməsi ilə təxminən 30 il müddətində davam edən “Dağlıq Qarabağ” adlı bir münaqişəyə də son qoyuldu, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminə və onun dayaqlarına sarsıdıcı bir zərbə vuruldu. münaqişənin həll olunmasına baxmayaraq bəzi ermənipərəst dairələr reallıqla barışmaq istəmir, “Dağlıq Qarabağ münaqişəsi”nin tamamilə həll olunmadığöığnı iddia edirlər. Bu cür qüvvələrə cavab olaraq Prezident İlham Əliyev 13 aprel 2021-ci ildə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bəyan edib: “Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub.” Dünya birliyi Azərbaycanın yaratdığı bu reallığı qəbul etməlidir. Çünki bu reallıq Azərbaycan xalqının haqlı istəyi olmaqla bərabər, həm də hər cürə ikili siyasət tərəfdarlarının, revanşizm həvəskarlarının da dəstəkləməli olduğu beynəlxalq hüquqa əsaslanır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər